09:29, 15.10.2026
Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilib
14 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilib. Seminarda İnstitutun Texniki və yem bitkiləri şöbəsinin elmi işçisi Orxan Bayramlı “Paxlalı bitkilərin xəstəlikləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə paxlalı bitkilərdə geniş yayılmış xəstəliklərin növləri, onların yaranma səbəbləri, yayılma xüsusiyyətləri və bitkilərin fizioloji-biokimyəvi proseslərinə təsiri elmi baxımdan təhlil olunub. Qeyd edilib ki, xəstəlik törədiciləri fotosintez və tənəffüs proseslərinin pozulmasına, su və mineral maddələrin mənimsənilməsi və daşınmasında dəyişikliklərə, eləcə də bitkilərin böyümə, inkişaf və çoxalma proseslərinin zəifləməsinə səbəb ola bilər.
Məruzəçi paxlalı bitkilərdə müşahidə olunan göbələk, bakterial və virus mənşəli xəstəliklər, o cümlədən kök çürüməsi və soluxma xəstəliklərinin bitkilərə vurduğu zərər barədə ətraflı məlumat verib. Həmçinin xəstəliklərin yaranmasına və yayılmasına təsir göstərən əsas amillər, o cümlədən genotiplərin patogenlərə qarşı həssaslığı, yüksək rütubət, əlverişsiz torpaq şəraiti və xəstəlik törədicilərinin toxumlarda, torpaqda və bitki qalıqlarında qalması məsələlərinə toxunulub.
Çıxış zamanı paxlalı bitkilərin xəstəliklərdən qorunmasında aqrotexniki tədbirlərin, kimyəvi mübarizə vasitələrinin və bioloji üsulların kompleks tətbiqinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, xəstəliklərin erkən aşkarlanması, törədicilərin dəqiq identifikasiyası və bitkilərin fitosanitar vəziyyətinin qiymətləndirilməsində ənənəvi diaqnostika üsulları ilə yanaşı, müasir molekulyar-genetik və genomik tədqiqat metodlarının imkanları diqqətə çatdırılıb.
Seminar mövzu ətrafında müzakirələr, iştirakçıların suallarının cavablandırılması və fikir mübadiləsi ilə yekunlaşıb.