Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda 27 sentyabr anım günü ilə bağlı tədbir keçirilmişdir. İlk olaraq Respublikanın ərazi bütövlüyünün təmin olunması, uzun müddət işğal altında qalmış ölkə ərazisinin erməni işğalından azad edilməsi yolunda dünyasını dəyişmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir. Sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının 2 il öncə, 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan xalqına müraciəti haqqında video-rolik nümayiş etdirilmişdir.
XX əsrin 80-ci illərindən başlayaraq ölkə ərazisində 30 ildən artıq müddətdə ermənilərin daima atəşkəsi pozması, 2020-ci il 27 sentyabr tarixində isə ordumuzun mövqelərini bir daha ağır silahlardan davamlı olaraq atəşə tutmasına cavab olaraq Respublika ərazisinin bütövlüyünün təmin olunması ilə bağlı əks-hücuma keçmək üçün Ali Baş Komandanın verdiyi göstərişi və xalqa müraciəti haqqında video-rolik tədbir iştirakçıları tərəfindən həyacanla və diqqətlə dinlənilmişdir. Daha sonra 27 sentyabrın ölkə tarixində anım günü olaraq çox böyük siyasi əhəmiyyəti olması ilə bağlı çıxışlar edilmiş və fikirlər bildirilmişdir.
XX əsrin 90-cı illərindən başlayaraq XXI əsrin ilk 20 ilində dünyada Azərbaycana qarşı ikili standartların hökm sürdüyü və 30 ildən çox müddətdə ərazilərimizin işğaldan azad edilməsi üçün amalı işğalçılıq və terrorçuluq olan Ermənistana qarşı səlahiyyətli beynəlxalq təşkilatlar tərəfindən ciddi tədbirlərin görülmədiyi iştirakçıların nəzərinə çatdırılmışdır. Ulu Öndər Heydər Əliyevin dövlətçiliyin qurulması, qorunub saxlanması və beynəlxalq siyasətdə düzgün diplomatiya ənənələrini ölkədə layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycan xalqının sıx birliyinə və Müzəffər ordunun gücünə arxalanaraq , düşmənin hücumuna cavab olaraq orduya əks- hücuma keçmək haqqında verdiyi 2020-ci il 27 sentyabr tarixli əmr haqqın-ədalətin bərqərar olmasında aparılmış düzgün diplomatik siyasətin nəticəsidir. 44 günlük 2-ci Qarabağ müharibəsində Böyük Qələbə, ötən 2 il ərzində işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işlərinin nəticələri və əldə olunan uğurlar 2020-ci ilin 27 sentyabrından başlanan Böyük Zəfərin davamlılığının bariz nümunəsidir. Odur ki, insanların maarifləndirilməsində ölkəmizin tarixində baş vermiş hadisələrin obyektiv və düzgün səciyyələndirilərək nəzərə alınması, habelə xalqımızın keçmişində qarşılaşdığı problemlərin, faciələrin gənc nəslə təbliğ olunmasının hər il müvafiq tədbirlərin həyata keçirildiyi vaxtlarda şəhidlərin xatirələrinin anılması ilə yanaşı məzarlıqlarının da ziyarət olunması, həm də milli unutqanlığın aradan qaldırılması baxımından çox vacibdir. Hər il olduğu kimi institutun gənc mütəxəssisləri və alimləri 26 sentyabr tarixində də şəhidlərin məzarlıqlarını ziyarət etmişlər. Allah şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!
© www.genres.az