AKADEMİKLƏRAkademik İmam Mustafayev

MUSTAFAYEV İMAM DAŞDƏMİR OĞLU

(1910-1997)

Azərbaycanın tanınmış ictimai-siyasi və elm xadimi İmam Daşdəmir oğlu Mustafayev 1910-cu il fevralın 25-də Zaqatala qəzasının (hazırda Qax rayonunun) Qax kəndində anadan olmuşdur.

İ.D.Mustafayev 1928-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikomunu, 1932-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (AKTİ) bitirmişdir. 1932-1934-cü illərdə AKTİ genetika, seleksiya və toxumçuluq kafedrasında aspirant olmuş, 1938-ci ildə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi, 1964-cü ildə S. Peterburq, ÜRBİ (VİR)-də “Azərbaycanın buğdaları və onların seleksiya və formaəmələgəlmə prosesində rolu” mövzusunda dissertasiya işi müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır.

1950-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 1950-1952-ci illərdə Azərbaycan EA Elmi katibi, “Azərbaycan EA məruzələri”, “Azərbaycan sosialist kənd təsərrüfatı” jurnallarının redaktoru, “Azərbaycan EA Xəbərləri” jurnalının redaksiya heyətinin üzvü, Bakı şəhəri və Azərbaycan üzrə deputat, 1940-1954-cü illərdə Azərbaycan SSR dövlət nəzarəti komissarının 1-ci müavini, Azərbaycan xalq torpaq komissarının 1-ci müavini, Azərbaycan kənd təsərrüfatı naziri, Azərbaycan KP katibi, Gəncə vilayət komitəsinin birinci katibi, 19541959-cu illərdə Azərbaycan KP birinci katibi işləmişdir.

İ.D.Mustafayev 1959-1997-ci illərdə Azərbaycan EA Genetika və Seleksiya İnstitutunun dənli və dənli-paxlalı bitkilərin genetikası və seleksiyası şöbəsinin müdiri, 1970-1985-ci illərdə həmin institutun direktoru işləmişdir. 1963-cü ildən SSR EA Əlaqələndirmə Şurasının üzvü, genetika və seleksiya problemlərinə dair elmi şuranın sədri olmuşdur.

İ.D.Mustafayev Azərbaycan və eləcə də digər Zaqafqaziya respublikalarının ərazisində iki mindən çox arpa, çovdar, vələmir, eqilops və on mindən çox buğda və başqa dənli bitkilərin nümunəsini toplamışdır. O bir sıra buğda sortlarının – Sevinc, Cəfəri, Zoğal buğda, Turgidum-7, Turanikum-186, Qızıl buğda, Bol buğda, Arzu, Kəhrəba, Gürgənə 1, Zərdabi, Birlik və Qrekum 75/50, o cümlədən Pallidum 596 arpa sortu, AP-317 pambıq sortu, Cəlilabad I sarımsaq sortu, Zəfərani, Şəfa və Tozlayıcı çaytikanı sortlarının müəllifidir.

O, genetika üzrə beynəlxalq konfransların (1973-cü ildə ABŞ, 1978-ci ildə Moskva) iştirakçısı, Avropa seleksiyaçılar assosiyasiyasının üzvü, “Mutantlar, yabanı bitən formaların, becərilən bitkilərin yerli populyasiya və sortlarının genofondunun toplanılması, öyrənilməsi, saxlanması”, “Əsas kənd təsərrüfatı bitkilərinin xüsusi seleksiyası”, Uzaq hibridləşdirmə işlərinin rəhbəri və koordinatoru, Azərbaycanın bəzi elmi proqramlarının həmsədri, Rusiya Kənd Təsərrüfatı Akademiyasının bəzi elmi proqramlarının üzvü olmuşdur.

İ.D. Mustafayevin rəhbərliyi altında 75 elmlər namizədi və 4 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir. Onun bitkiçilik, seleksiya, genetikanın müxtəlif istiqamətlərinə həsr olunan 332 elmi məqalə və tezisləri, 5 monoqrafiyası dərc olunmuşdur.

Görkəmli alim, bacarıqlı təşkilatçı, xeyirxah və qayğıkeş insan olan İmam Daşdəmir oğlu Mustafayevin əməyi yüksək qiymətləndirilmişdir. Böyük Vətən Müharibəsində iştirakına, elmi, ictimai fəaliyyətinə görə o “Qırmızı Əmək Bayrağı”, “Fəxri Nişan”, “Xalqlar Dostluğu” adlı 3 orden, 5 medalla, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə, akademik S.İ. Vavilov adına qızıl medalla təltif olunub. Bundan başqa, alim Ümumittifaq Kənd təsərrüfatı sərgisinin 3 böyük, 1 kiçik qızıl, 1 gümüş və s. medallarla təltif olunmuşdur.