İNSTİTUT HAQQINDA

AMEA Genetik Ehtiyatlar İnstitutu biomüxtəlifliyin genetik ehtiyatlarının toplanması, mühafizəsi və səmərəli istifadə olunması üzrə ardıcıl və məqsədyönlü tədqiqatların aparılması, müvafiq ölkə şəbəkəsinin yaradılması və idarə olunmasını təmin etmək məqsədilə Genetika və Seleksiya İnstitutunun bazasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2003-cü ilin əvvəllərində təşkil edilmişdir.

İnstitutun əsas elmi istiqamətləri mədəni bitkilərin və onların yabanı əcdadlarının, qiymətli, nadir, itməkdə və nəsli kəsilməkdə olan cinslərin, növlərin, aborigen sort və formaların, kənd təsərrüfatı heyvanlarının yerli cinslərinin inventarlaşdırılaraq pasportlaşdırılması, toplanması, introduksiyası, bərpası, çoxaldılması, beynəlxalq deskriptorlar əsasında qiymətləndirilməsi, ex situin situ şəraitində mühafizəsi ilə bağlı elmi problemlərin araşdırılması və mühafizə işinin təşkili, davamlı, yüksək məhsuldar, keyfiyyətli nümunələrin aşkar edilərək seleksiya işinə cəlb edilməsi üzrə elmi tədqiqatların aparılmasından və müvafiq sahələrdə ölkə institutlarının fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.

İnstitutda dənli-taxıl, dənli-paxlalı, meyvə və giləmeyvə, tərəvəz-bostan, yem, dərman və qeyri-ənənəvi bitkilərinin çox böyük elmi və praktiki dəyərə malik 395 cinsə, 1110 növə aid nadir, qiymətli xalq seleksiyası sortlarının, endemik, relikt formalarının 10 minə qədər nümunəsi 11 beynəlxalq və 30-dan çox yerli ekspedisiya, daxili və beynəlxalq elmi mübadilə yolu ilə toplanaraq, Milli Genbankda etibarlı mühafizəsi təşkil edilmişdir. Bu nümunələr genetik, morfoloji, fizioloji, biokimyəvi, immunoloji, texnoloji, sitogenetik və təsərrüfat əhəmiyyətli göstəricilərə görə qiymətləndirilir, yüksək keyfiyyət tərkibinə malik, biotik və abiotik stress amillərinə davamlı donor formalar seleksiyada səmərəli istifadə olunmaq məqsədi ilə seçilir.

taxıl

İnstitutda Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq, orta (20-30 il) və uzun müddətli saxlama (50-100 il) şəraiti olan Milli Genbank yaradılmışdır. İnstitutun genefond bağında keçən əsrin ortalarından başlayaraq, dünyada analoqu olmayan, tut bitkisinin təkamül dinamikasını əks etdirən 28-dən 308-ə qədər ploidlik sırasının sort və formalarının 360 nümunəsi cəmlənmişdir. Təəssüflər olsun ki, institutun Qarabağ Tədqiqat Bazasının 1700 hektarlıq əkin sahələrində, istixana və anbarlarında 40 il ərzində toplanmış 100 mindən artıq nümunədən ibarət milli genefond erməni işğalçıları tərəfindən tamamilə talan edilib yandırılmış, birdəfəlik məhv edilmişdir.

Yerli bitki genetik müxtəlifliyinin 6500-dən çox nümunəsi kompleks qiymətləndirilmiş, təsərrüfat əhəmiyyətli genlərə malik, stress amillərə davamlı 550-dən çox donor forma aşkar edilərək ərzaq təhlükəsizliyi məqsədilə seleksiaya proqramlarında səmərəli istifadə olunur. Onların əsasında respublikanın elmi-tədqiqat institutlarında, o cümlədən GEİ-də yeni sort-formalar yaradılmışdır. Kompleks xüsusyyətlərinə görə standart sortlardan üstün olan 2 pambıq sortu AR Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmişdir. 200-dən çox nümunə genetik formullarına görə pasportlaşdırılmışdır.

Genbankda saxlanılan bitki nümunələrinin həyatilik potensialının və ömür sürəkliliyinin fünksional diaqnostikası və irsi proqnozlaşdırılmasının elmi əsasları işlənib hazırlanmışdır. Mürəkkəb cinsarası hibridləşmələr sayəsində qısaboylu və yeni tipli şaxəli buğda formasının alınma mexanizmi aşkar edilərək, həmin əlamətin 1 resessiv genlə idarə olunduğu müəyyənləşdirilmişdir. Buğdanın növarası hibridlərində meyoz prosesi zamanı xromosomların konyuqasiya dərəcəsinin gözlənilən səviyyədə olmamasının səbəbi, onları təşkil edən genomların və meyoz prosesini tənzimləyən gen və ya genlər sisteminin təkamülünün hər bir növ üçün avtonomluğu ilə izah edilmişdir. Bəzi buğda və buğda hibridi nümunələrində qliadinkodlaşdıran lokusların yeni allel komponentlər bloku identifikasiya edilmişdir. Azərbaycanın müxtəlif bölgələrindən toplanmış yabanı, iki və altıcərgəli mədəni arpa növlərinə aid nümunələrin dənlərində, ilk dəfə olaraq, ehtiyat zülalları hordeinlərin sintezinə nəzarət edən hordeinkodlaşdıran lokusların allel komponentləri identifikasiyasiya edilmişdir.

Növarası hibridləşmədən alınan bir neçə yüksəkməhsuldar bərk və yumşaq buğda forması, meyvə və giləmeyvə bitkilərinin kompleks qiymətli təsərrüfat əlamətlərinə malik, xəstəlik və zərəvericilərə qarşı davamlı 15 perspektiv forması seleksiya mərhələlərini müvəffəqiyyətlə keçmişdir.

Az vəsait və vaxt sərf etməklə qısa müddətdə kompleks yüksək göstəricilərə malik yeni tut ipəkqurdu cinslərinin yaradılması üsulu işlənib hazırlanmışdır. Tut ipəkqurdunun 2 yeni cinsi və 2 hibridi SNSM üzrə Dövlət Komissiyası tərəfindən rayonlaşdırılıb təsərrüfata tətbiq edilir. Daha 2 cins və 2 hibrid isə təqdim edilmişdir.

Hazırda xarici ölkələrin genbanklarında toplanmış Azərbaycan mənşəli nümunələrin geriyə qaytarılaraq Genetik Ehtiyatlar İnstitutuna cəmlənməsi prosesinə başlanılmışdır. Bunun üçün ABŞ Kənd Təsərrüfatı Departamenti, Ümumrusiya Bitkiçilik İnstitutu, İCARDA, bir neçə digər beynəlxalq, regional və milli genbanklarla müvafiq razılaşmalar əldə edilmişdir. İnstitutun təcrübə sahələrində nadir, qiymətli bitkilərin, dünya miqyasında çox böyük dəyərə malik kolleksiyaların, eləcə də geriyə qaytarılmış nümunələrin bərpası və çoxaldılması həyata keçirilir.

İnstitut beynəlxalq və regional təşkilatlar (FAO – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, ECPGR – Bitki Genetik Ehtiyatları üzrə Avropa Əməkdaşlıq Proqramı, Beynəlxalq Biomüxtəliflik (keçmiş İPGRİ) – Beynəlxalq Bitki Genetik Ehtiyatları İnstitutu, ICARDA - Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz, CİMMYT – Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz, BGE üzrə Beynəlxalq Etimad Fondu (Trust–Fund), VİR – N.Vavilov adına Ümum-Rusiya Bitkiçilik İnstitutu, Beynəlxalq Tərəvəzçilik İnstitutu, USDA - ABŞ Dövlət Departamentinin Kənd Təsərrüfatı İdarəsi və s.), xarici ölkələrin (ABŞ, Rusiya, Yaponiya, Mərkəzi Asiya respublikaları, Almaniya, Türkiyə, Hindistan, Böyük Britaniya, Fransa, Avstraliya, Meksika, C.Koreya və s.) elmi müəssisələri və genbankları ilə sıx əməkdaşlıq əlaqələri quraraq birgə elmi araşdırmalar, ekspedisiya tədqiqatları, mübadilə fəaliyyətləri həyata keçirir.

Azərbaycanda ilk dəfə olaraq, Milli Proqrama uyğun toplanmış bitki genetik ehtiyatlarının pasportlaşdırılması əsasında Mərkəzi Məlumat Bazası yaradılaraq, Bitki Genetik Ehtiyatları üzrə Avropa İnternet Axtarış Kataloqunun (EURİSCO) və FAO-nun saytlarında yerləşdirilmişdir. Bu məlumat bazası FAO-nun, İPGRİ-nin, İCARDA-nın rəhbərləri tərəfindən Avropada, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda bitki genetik ehtiyatları sahəsində ən qabaqcıl və kamil informasiya sistemlərindən biri kimi dəyərləndirilmişdir.

Kənd Təsərrüfatı Heyvan Genetik Ehtiyatlarının vəziyyətinə dair Ölkə Hesabatı hazırlanaraq FAO-ya təqdim edilmişdir. Müvafiq illik hesabatların hazırlanması daimi xarakter daşıyır.

2004-cü ildə institutun fəal iştirakı ilə ölkədə biomüxtəlifliyin vəziyyətinə, idarə olunmasına və perspektivlərinə həsr edilmiş I Milli Məruzə hazırlanmışdır. Milli Məruzədə biomüxtəlifliklə bağlı məsələlərin bütün spektiri əhatə edilmiş, həmçinin, ölkədə BM-ə dair Konvensiyanın yerinə yetirilmə vəziyyətini aydın göstərməklə, gələcək strateji planlaşdırma üzrə tövsiyələr verilmişdir. Bunun əsasında işlənib-hazırlanmış “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı” 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qəbul edilmiş və həyata keçirilməkdədir. Milli Strategiya və Fəaliyyət Planının AMEA institutlarına aid maddələrinin yerinə yetirilməsi GEİ tərəfindən koordinasiya edilir, illik hesabatlar daxil olan informasiyalar əsasında burada hazırlanır.

İnstitut bir sıra digər milli proqramların hazırlanmasında və həyata keçirilməsində də fəal iştirak edir. Burada “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramını” göstərmək olar.

2006-cı ildə FAO ilə institut arasınada bağlanmış müqavilə əsasında Azərbaycanda Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları (ƏKTBGE) üzrə Qlobal Fəaliyyət Planının (QFP) yerinə yetirilməsinin monitorinqi həyata keçirilmiş, ilk dəfə olaraq, BGE üzrə ölkə şəbəkəsi və Milli İnformasiya Mübadiləsi Mexanizmi (MİMM) qurulmuş, mexanizmin Məlumat Bazası və İnternet portalı yaradılmış, ƏKTBGE-nin vəziyyətini əks etdirən və strateji xarakter daşıyan 2-ci Ölkə Hesabatı hazırlanmış, FAO-ya təqdim edilərək onun mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir. Milli İnformasiya Mübadiləsi Mexanizmi və onun məlumat bazası məlumatların zənginliyinə görə FAO-nun ekspertləri tərəfindən mexanizmin bu vaxta qədər qurulduğu 37 ölkə arasında ən yaxşı iki işdən biri kimi yüksək dəyərləndirilmişdir.

2010-cu ildə MİMM-nin yenilənməsi və inkişafı üzrə proqram həyata keçirilməkdədir. Bu proqrama ölkənin BGE sahəsində fəaliyyət göstərən 14 elmi müəssisəsi cəlb edilmişdir.

BGE üzrə Regional (Cənubi Qafqaz və Mərkəzi Asiya) Strategiya (2007) və Regional Məlumat Bazasının (2007) hazırlanmasında institut bilavasitə iştirak etmişdir.

Beynəlxalq İnformasiya sistemlərinə inteqrasiyanın gücləndirilməsi sayəsində beynəlxalq mərkəzlərin genbanklarında toplanmış Azərbaycan mənşəli nümunələrin geri qaytarılması üzrə tədbirləri, milli genefondun bərpası üzrə Beynəlxalq Etimad Fondunun layihəsinin həyata keçirilməsini, bir sıra xarici təşkilatlarla bağlanmış əməkdaşlıq sazişlərini, o cümlədən, Beynəlxalq Biomüxtəliflik (İPGRİ) ilə Milli Genefondun İnformasiya məlumat bazasının inkişafına dair Anlaşma Memarandumu üzrə fəaliyyətləri həyata keçirmək mümkün olmuşdur.

İnstitutun alim və mütəxəssislərinin Bitki Genetik Ehtiyatları sahəsində Milli Proqramın müvəffəqiyyətlə həyata keçirilməsində əldə etdikləri elmi nəticələr 100-dən çox beynəlxalq qurultay, konqres, seminar, konfrans, simpoziumlarda və digər mötəbər tədbirlərdə dəfələrlə təqdim edilərək beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Son 7 il ərzində genetik ehtiyatlara dair müxtəlif problemləri əhatə edən 1000-dən çox elmi əsər, o cümlədən 6 monoqrafiya, 10 kitab, 500-dən çox məqalə dərc edilmişdir. Son illərdə 2 doktorluq, 19 namizədlik dissertasiyası müdafiə edilmiş, 30-dən çox əməkdaş beynəlxalq elm mərkəzlərində təlim kursu keçmiş, beynəlxalq tədqiqat proqramlarında iştirak etmişlər.

Genbank idarəçiliyi, ƏKTBGE üzrə fəaliyyətlər, mədəni bitkilərin yabanı əcdadları və digər yabanı bitkilər, məlumat bazası və BGE üzrə informasıya sistemləri üzrə beynəlxalq səviyyəli sənədlərin, layihə, strategiya və proqramların hazırlanması və müvafiq sahələrdə beynəlxalq treninq və seminarların keçirilməsi işinə institutun rəhbərliyi və mütəxəssisləri müntəzəm cəlb olunurlar. İnstitutun təşkilatçılığı ilə 2006-ci ildə Biomüxtəlifliyin Genetik Ehtiyatlarına həsr edilmiş Beynəlxalq Konfrans, son 4 il ərzində müvafiq ölkə institutlarının və geniş ictimaiyyətin, eləcə beynəlxalq ekspert və alimlərin iştirakı ilə BGE üzrə müxtəlif sahələri əhatə edən 10 Milli Seminar və 20-dən çox təlim kursu keçirilmişdir.

İnstitutun direktoru 2011-ci ilin mart ayının 19-24-də ABŞ-ın Los-Ancels şəhərində keçiriləcək Meyvə bitkilərinin Genetik Ehtiyatlarına həsr edilmiş Beynəlxalq Elmi Konfransın elmi təşkilat komitəsinə üzv seçilmiş və bu mötəbər tədbirdə iştirak etmək üçün ABŞ Dövlət Kənd Təsərrüfatı Departamentindən rəsmi dəvət almışdır.

İnstitutun əməkdaşları bir çox beynəlxalq və regional şəbəkələrdə  Azərbaycanı uğurla təmsil edirlər. ECPGR proqramının ayrı-ayrı bitkilər üzrə şəbəkə koordinasiya qruplarında, eləcə də bir çox beynəlxalq və regional bitki şəbəkələrində institutun alimləri ekspert kimi iştirak edirlər.

Müntəzəm keçirilən beynəlxalq və yerli ekspedisiyalar, eləcə də elmi mübadilə yolu ilə toplanmış ən qiymətli bitki nümunələri toxum və tarla genbanklarında etibarlı mühafizə olunur, institutun sahələrində artırılaraq səmərəli istifadə olunur. İnstitutun alimləri 2003-cü ildə Rusiya və Yaponiya, 2004-cü ildə Avstraliya, Suriya, Böyük Britaniya, 2006, 2007, 2008, 2009-cu illərdə ABŞ, 2007 və 2008-ci illərdə Suriya, 2008-ci ildə Fransa, 2008-ci ildə Rusiya və Yaponiya, 2009-cu ildə Slovakiya, 2010-cu ildə Rusiya, Niderland və İspaniya alimləri ilə birgə beynəlxalq ekspedisiyalarda iştirak etməklə qiymətli kolleksiya materialları toplayaraq iştirakçı tərəflərin milli genbanklarının zənginləşdirilməsinə xidmət etmişlər.

2-14 avqust 2010-cu il tarixində 2 Azərbaycan, 1 Rusiya, 2 Niderland və 1 İspaniya aliminin iştirakı ilə Respublikanın müxtəlif regionlarında tərəvəz-bostan bitkilərinin genetik ehtiyatlarının (xüsusən xalq seleksiyası sortlarının və yabanı əcdadların) vəziyyətinin öyrənilməsi, toxum nümunələrinin toplanması üzrə keçirilmiş beynəlxalq ekspedisiyanın uğurla nəticələndiyini söyləmək olar. Ekspedisiyanın gedişində 750-yə qədər nümunə toplanmışdır.

Bütün bu fəaliyyətlər, eləcə də BGE üzrə Mərkəzi Məlumat Bazası, Milli İnformasiya Mübadiləsi Mexanizmi dünya miqyasında müvafiq sahədə Azərbaycanın yüksək imicini formalaşdırır.

  

Beynəlxalq çoxtərəfli və ikitərəfli tədqiqat proqramlarında iştirak:

 

İnstitut FAO, ECPGR, Bioversity İnternational, ICARDA, Trast-fond və başqa beynəlxalq təşkilat və şəbəkələrin elmi-tədqiqat proqramlarında tərəfdaş kimi iştirakını davam etdirir.

İnstitutun buğda və arpa kolleksiyaları FAO və Trast-fond  tərəfindən dünya əhəmiyyətli kolleksiyalar kimi seçilərək bu kolleksiyaların bərpa edilməsi və etibarlı mühafizəsi üçün Trast-fondla müqavilə imzalanmışdır. 2008-2009-cu illərdə bərpa edilərək öyrənilmiş buğda və arpa bitkisi nümunələri etibarlı mühafizə məqsədi ilə Norveç Krallığının Şpisbergen adasında daimi buzlaqda yaradılmış Qlobal Genbanka (Svalbard Global Seed Vault), eyni arpa nümunələri İCARDA-ya (Hələb, Suriya), buğda nümunələri isə CİMMYT-ə (Mexiko, Meksika) göndərilmişdir.

2009-cu ildə Trast-fondla paxlalı bitkilərin və qarğıdalının genbankda saxlanılan nümunələrinin bərpası üzrə müvafiq müqavilə bağlanmış və alınmış kiçik qrant (2 il ərzində 13 min manat) əsasında bərpa – regenerasiya işləri davam etdirilir.

ECPGR-ın VIII Fazasında Azərbaycanın iştirakı ilə bağlı müqavilə imzalanmışdır. Azərbaycanı təmsil edən alim və mütəxəssislər ECPGR-ın tərkibində fəaliyyət göstərən İşçi Qruplarında öz fəaliyyətlərini davam etdirirlər.

Azərbaycanda paxlalı bitkilərin virus xəstəliklərinin öyrənilməsi üzrə beynəlxalq elmi tədqiqat işi İCARDA və GEİ alimlərinin iştirakı ilə davam edir.

Meyvə bitkilərinin virus xəstəliklərinin öyrənilməsinə və müvafiq sahədə kadr hazırlığına da xarici mütəxəssislər (Fransanın tanınmış elm müəssisəsi olan İNRA-nın (Fransa Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi) Virusologiya Bölməsinin aparıcı əməkdaşı Dr. Veronique Ducrook və Azərbaycan mənşəli fransız alimi Dr. Əhməd Xeyirpur) cəlb edilmişdir.

İNRA ilə birgə “Azərbaycanda meyvə bitkilərinin virus xəstəlikləri və davamlı genotiplərin axtarışı” üzrə beynəlxalq tədqiqat işi davam etdirilmişdir.

İnstitut ABŞ Vaşinqton Dendrarisi və Kaliforniya Universiteti, AMEA Mərkəzi Nəbatat Bağı, Naxçıvan Bioresurslar İnstitutu və Azərbaycan Kənd Təsərrüfatı Akademiyası ilə birgə “Azərbaycanda meyvə və yaşıllaşdırma-bəzək bitkilərinin mövcud vəziyyətinin öyrənilməsi üzrə beynəlxalq elmi tədqiqatda iştirak etmişdir.

Azərbaycanda taxıl bitkilərinin yabanı əcdadlarının öyrənilməsi üzrə üzrə beynəlxalq tədqiqatda institut əməkdaşları ilə birgə Rusiya (VİR) və Yaponiya (Okoyama Universiteti) alimləri iştirak etmişlər.

Ümumrusiya Tərəvəzçilik İnstitutu ilə genetik ehtiyatlar üzrə hərtərəfli elmi əməkdaşlığı nəzərdə tutan müqavilə imzalanmışdır. N.İ.Vavilov adına Ümumrusiya Bitkiçilik İnstitutu (VİR), Ümumrusiya Tərəvəzçilik İnstitutu, Rusiya Paxlalı Bitkilər İnstitutu, Ukrayna Bitki Genetik Ehtiyatları Mərkəzi, Türkiyə Egey K/T Araşdırmaları İnstitutu, Özbəkistan Bitkiçilik İnstitutu, Belarusiya Elmlər Akademiyasının Sitogenetika İnstitutu və s. təşkilatlarla bağlanmış əməkdaşlıq sazişləri, eləcə də Beynəlxalq Biomüxtəliflik (İPGRİ) ilə Anlaşma memarandumu üzrə fəaliyyətlər davam etdirilmişdir.

Avstraliya və Suriya alimləri ilə birgə buğda bitkisi nümunələri üzərində duzluluğa və quraqlığa davamlılığın öyrənilməsi üzrə tədqiqat işi aparılmışdır.