Azərbaycanda mədəni bitkilərin mühafizəsi və səmərəli istifadəsi ilə bağlı bütün məsələlərin hüquqi tənzimlənməsini təmin etmək məqsədilə 2011-ci il 13 dekabr tarixində Azərbaycan Respublikasının Milli Məclisi “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununu (No. 273-IVQ) qəbul etmiş və bu Qanun Respublika Prezidentinin Fərmanı ilə təsdiq olunmuşdur.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Qanununun tətbiqi ilə bağlı 2 fərman (2012-ci il 7 fevral tarixli 576 nömrəli və 2012-ci il 17 iyul tarixli 690 nömrəli) vermişdir.
Bu fərmanların icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2 sərəncam və 2 Qərar qəbul edilmişdir. 13 noyabr 2012-ci il tarixli 259№-li Qərarda “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq AMEA Genetik Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici İnstitut, onungenbankı isə Milli Genbank elan edilmişdir. Milli Genbanka xüsusi mühafizə edilən obyekt statusu verilmişdir.
Respublikada bitki genetik ehtiyatlarının lazımi səviyyədə idarə olunmasını və GEİ-nin əlaqələndiricilik funksiyasını həyata keçirmək məqsədi ilə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi Texniki Şuranın yaradılması qərara alınmışdır. Qərara əsasən ETŞ-də Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və s. təmsil olunmalıdırlar. Bu Qərarla həmçinin Qanunun icra mexanizmləri ilə bağlı bir sıra sənədlər, o cümlədən qaydalar (Milli kolleksiyaların yaradılması və qeydiyyatı haqqında, BGE-nin idxalı və ixracı haqqında, Ənənəvi brend bitkilər haqqında, Genetik modifikasiya olunmuş bitkilər haqqında və s.) və əsasnamələr (Milli Genbankın əsasnaməsi, Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın əsasnaməsi, Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuralarının əsasnaməsi, Prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının əsasnaməsi və s.) qəbul edilmişdir.
Həmçinin Qanunun icrasına nəzarət mexanizmləri işlənib hazırlanmışdır. Bu prosesdə əsas icra hakimiyyəti funksiyalarını mədəni bitkilər üzrə Kənd Təsərrüfatı Nazirliyi, yabanı müxtəliflik üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər NazirliyiAMEA ilə birgə həyata keçirəcəkdir.
“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş sərəncamların icrasını təmin etmək məqsədilə AMEA Rəyasət Heyəti 26.12.2012-ci il tarixindəxüsusi müzakirələr aparmış və müvafiq sərəncam vermişdir.
2013-cü ilin ilk aylarında "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şura" formalaşdırılmış və 22 fevral 2013-cü il tarixində onun ilk iclası keçirilmişdir. "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuraları" və "Prioritet fəaliyyət istiqamətləri üzrə işçi qrupları" yaradılmış və onların tərkibi təsdiq edilmişdir. Elmi-Texniki Şuranın, ekspert şuralarının və işçi qruplarının tərkibi müxtəlif nazirliklər və baş idarələrin, elmi-tədqiqat müəssisələrinin məsul şəxsləri, alim və mütəxəssislərindən təşkil edilmişdir. Hazırda ekspert şuralarının və işçi qruplarının ilk iclaslarının keçirilməsi, müvafiq iş və təqvim planlarının hazırlanması prosesi gedir. Bütün bu işlərdə beynəlxalq şəbəkələrin, xüsusən ECPGR-ın təcrübəsindən istifadə edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq, institutun nizamnaməsinin yeni variantı hazırlanmış və strukturda dəyişikliklər edilmişdir. İnstitutda yeni Biotexnologiya şöbəsi yaradılmış və burada müvafiq müasir elmi avadanlıqlar alınaraq quraşdırılır.
Respublika Prezidentinin tapşırığına əsasən “Mədəni bitkilərin genetik ehtiyatları sahəsində Dövlət Proqramının (Milli Proqram)” hazırlanması işi davam etdirilir. Proqram bütün maraqlı tərəflərlə müzakirə edilərək yüksək səviyyədə hazırlandıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcəkdir.
Bütün bu fəaliyyətlərin icrasında BGE üzrə milli şəbəkə, Milli İnformasiya Mübadiləsi Mexanizmi və onun məlumat bazaları, həmçinin BGE üzrə Mərkəzi Məlumat Bazası mühüm rol oynayır.
Həm qanunun, həm də ona qoşma sənədlərin, icra mexanizmlərinin hazırlanmasında, ümumən yeni sistemin qurulmasında beynəlxalq konvensiya və müqavilələrdən (CBD, GPA, İT, Cartahena protokolu və s.), FAO, Bİ, ECPGR, Trast-Fund, CİMMYT, İCARDA kimi beynəlxalq, VİR (Rusiya), USDA (ABŞ), İNRA (Fransa) kimi milli təşkilatların normativ və metodik xarakter daşıyan sənədlərindən, manuallarından və tövsiyələrindən, bir sıra ölkələrin (Türkiyə, Almaniya, İtaliya, Fransa, ABŞ, Çexiya və s.) milli proqram sənədlərindən, CAC Regional Strategiyasından, dünyada tanınmış alimlərin məsləhətlərindən istifadə edilmişdir.
GEİ bu işlərdə yardımçı olmuş, dəstək göstərmiş hər bir kəsə səmimi təşəkkür edir.