Kənd təsərrüfatı və ərzaq əhəmiyyətli BGE plana uyğun və məqsədyönlü yığılaraq onların kolleksiyalarının zənginləşdirilməsi və komplex öyrənilməsi Genbankın əsas məqsədidir. Genetik ehtiyatların orta və uzunmüddətli qorunması üçün GEİ-nun nəzdində 2004-cü ildə Genbank yaradılmışdır. Genbankda əsasən bitki nümunələrinin milli genetik ehtiyatları saxlanılır. Genbankın laboratoriyası müxtəlif bioloji tədqiqatlar istiqamətində ixtisaslaşdırılır. Kommersiya qiymətli əlamətlərin daşıyıcıları olan yeni donorların gələcək seleksiya işlərində istifadə olunması məqsədilə bitkilərin genetik ehtiyatları həmin ixtisasçılar tərəfindən tədqiq olunur. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun (2011) Milli Məclis tərəfindən qəbulundan sonra Nazirlər Kabinetinin 13 noyabr 2012-ci il tarixli 259 №-li Qərarında GEİ genbankı Milli Genbank elan edilmişdir. Milli Genbanka xüsusi mühafizə edilən obyekt statusu verilmişdir. Milli Genbank nəzdində BGE üzrə İnformasiya Sistemi və onun tərkib hissəsi olan Mərkəzi Məlumat Bazası, digər məlumat bazaları yaradılır.
Hal-hazırda MMM-da 11962 nümunənin pasport deskriptor məlumatları toplanılıb saxlanılır. Bu nümunələr 113 fəsiləyə, 443 cinsə, 869 növə və 304 növ müxtəlfliyinə aiddir. Onlardan 4368 dənli-taxıl, 1208 paxlalı, 737 yem bitkisi, 865 tərəvəz-bostan, 1580 texniki, 2414 meyvə, 786 dərman və 4 digər bitkiləridir. MMM-da olan 11962 nümunədən 7083 ədədinin toxumları isə orta müddətli saxlanma kamerasındadır. Bu nümunələr isə 63 fəsiləyə, 244 cinsə, 437 növə və 257 növ müxtəlfliyinə aiddir. Onlardan 3740 dənli-taxıl, 959 paxlalı, 344 yem bitkisi, 655 tərəvəz-bostan, 932 texniki, 69 meyvə, 375 dərman və 9 digər bitkiləridir. MMB-da qeydiyyatdan keçmiş nümunələr bioloji statusuna gorə 4508 elmi seleksiya sortu, 2365 xalq seleksiyası sortu, 3025 tədqiqat materialı, 2056 yabanı əcdadlar, 8 digər kimi təsnif edilmişdir. Orta müddətli saxlanma şəraitində olan nümunələr isə 3134 elmi seleksiya sortu 631 xalq seleksiyası sortu, 2397 tədqiqat materialı, 915 yabanı növlər, 6 digər bitkiləridir.