NEWS
15:23, 27.09.2022
Genetik Ehtiyatlar İnstitutunda 27 sentyabr anım günü ilə bağlı tədbir keçirilmişdir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda 27 sentyabr anım günü ilə bağlı  tədbir  keçirilmişdir. İlk olaraq Respublikanın  ərazi bütövlüyünün təmin olunması,  uzun müddət işğal altında qalmış   ölkə ərazisinin erməni işğalından azad edilməsi  yolunda dünyasını dəyişmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir. Sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan  İlham Əliyev cənablarının 2 il öncə,  2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan  xalqına müraciəti haqqında video-rolik nümayiş etdirilmişdir.

 XX əsrin 80-ci illərindən başlayaraq ölkə ərazisində 30 ildən artıq müddətdə ermənilərin daima atəşkəsi pozması, 2020-ci il 27 sentyabr tarixində  isə ordumuzun mövqelərini  bir daha ağır silahlardan  davamlı olaraq atəşə tutmasına cavab olaraq Respublika ərazisinin bütövlüyünün təmin olunması ilə bağlı əks-hücuma keçmək üçün  Ali Baş Komandanın  verdiyi göstərişi  və xalqa müraciəti haqqında video-rolik  tədbir iştirakçıları tərəfindən həyacanla və diqqətlə dinlənilmişdir. Daha sonra 27 sentyabrın ölkə tarixində anım günü olaraq çox böyük  siyasi əhəmiyyəti olması ilə bağlı çıxışlar edilmiş və fikirlər bildirilmişdir.

XX əsrin 90-cı illərindən başlayaraq  XXI əsrin ilk 20 ilində dünyada Azərbaycana qarşı  ikili standartların hökm sürdüyü və 30 ildən çox müddətdə ərazilərimizin  işğaldan azad edilməsi üçün amalı işğalçılıq və  terrorçuluq olan Ermənistana qarşı səlahiyyətli beynəlxalq təşkilatlar tərəfindən ciddi tədbirlərin görülmədiyi iştirakçıların nəzərinə çatdırılmışdır. Ulu Öndər Heydər Əliyevin dövlətçiliyin qurulması, qorunub saxlanması və beynəlxalq siyasətdə düzgün diplomatiya ənənələrini ölkədə layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycan  xalqının  sıx  birliyinə  və Müzəffər ordunun  gücünə  arxalanaraq , düşmənin hücumuna cavab olaraq orduya əks- hücuma keçmək haqqında  verdiyi 2020-ci il 27 sentyabr tarixli əmr  haqqın-ədalətin bərqərar olmasında aparılmış düzgün diplomatik siyasətin nəticəsidir. 44 günlük 2-ci Qarabağ müharibəsində Böyük Qələbə, ötən 2 il ərzində işğaldan azad edilmiş ərazilərdə  sürətli bərpa və quruculuq işlərinin  nəticələri   və əldə olunan uğurlar  2020-ci ilin  27 sentyabrından başlanan  Böyük Zəfərin davamlılığının bariz nümunəsidir.  Odur ki, insanların  maarifləndirilməsində ölkəmizin tarixində baş vermiş hadisələrin obyektiv və düzgün səciyyələndirilərək nəzərə alınması, habelə xalqımızın keçmişində qarşılaşdığı problemlərin, faciələrin gənc nəslə təbliğ olunmasının  hər il  müvafiq tədbirlərin həyata keçirildiyi vaxtlarda şəhidlərin xatirələrinin anılması ilə yanaşı məzarlıqlarının da ziyarət olunması,  həm də milli unutqanlığın aradan qaldırılması  baxımından  çox vacibdir. Hər il olduğu kimi institutun gənc mütəxəssisləri və  alimləri  26 sentyabr tarixində də şəhidlərin məzarlıqlarını  ziyarət etmişlər. Allah şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!