AMEA və Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında Saziş çərçivəsinə uyğun olaraq doktorantura səviyyəsində ikili diplom proqramı üzrə ilk müştərək doktorantın, GEİ-nin Molekulyar genetika və genomika şöbəsinin əməkdaşı Səbinə Fərhadovanın “Siçanın embrion kök hüceyrə modelləri üzərində insanın imprintinq xəstəliklərinə səbəb olan epigenetik mexanizmlərin tədqiqi” mövzusunda dissertasiya müdafiəsi 2022-ci il 09 iyun tarixində Monpelye Universitetində uğurla həyata keçirilmişdir. Siçanın embrionik kök hüceyrələrində CRISPR-dCas9 vasitəsilə epigenetik mutasiyaların induksiya edilməklə insanlarda Silver-Russell və Temple sindromlarının etiologiyasının tədqiqinə, imprintinq xəstəliklərinə səbəb olan epigenetik mexanizmlərin öyrənilməsinə həsr edilən Dissertasiya işi praktik və elmi nəzəri baxımdan çox böyük məhsuldar elmi tədqiqatdır. Tədqiqat müddətində yaradılmış “epimutant” kök hüceyrələrinin “in vitro” ektodermal (sinir progenitor hüceyrələr) və mezodermal (kardiomiosit hüceyrələri) toxumalara differensiasiyasının həyata keçirilməsini özündə ehtiva edən Dissertasiya işinin təqdimatı Monpelye Molekulyar Genetika İnstitutunda maraqla dinlənilmiş və uğurla başa çatmışdır. Odur ki, Fransanın aidiyyatı nüfuzlu elm və təhsil müəssisələrinin tibb elmləri sahəsində tanınmış alimlərinin də üzv olduğu Müdafiə Komissiyası tərəfindən tədqiqat işi və doktorantın elmi səviyyəsi yekdilliklə çox yüksək qiymətləndirilmiş və ona PhD elmi dərəcəsi verilmişdir. Dissertasiya işinin təqdimatında iştirak edən AMEA-nın Rəyasət heyəri aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva tədbirdə çıxış edərək AMEA və Monpelye Universiteti arasında 2018-ci ildən fəaliyyətə başlamış doktorantura səviyyəsində ikili diplom proqramı və onun nailiyyətləri haqqında məlumat vermişdir. E. Əlirzayeva çıxışında müştərək elmi proqramların gənc alimlərin hazırlanmasında çox böyük əhəmiyyəti olduğunu, Azərbaycanda isə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın gənclərin inkişaf etmiş ölkələrin nüfuzlu elmi müəssisələrində təcrübə keçmələri üçün geniş imkanlar yaratdığını, iddiaçının doktorantura təhsili xərclərinin 2 ilinin AMEA tərəfindən, 1 ilinin isə mövcud proqram tərəfindən qarşılandığını diqqətə çatdırıb. İnstitutun rəhbərliyi başda olmaqla bütün əməkdaşları ölkəmizin tibb elmi sahəsində elmi nüfuzunu apardığı öz elmi tədqiqatlarının nəticəsi ilə beynəlxalq aləmdə təşviq edən PhD dərəcəli gənc alim Səbinə Cavanşir qızı Fərhadovaya bu şərəfli yolda yeni-yeni uğurlar arzulayır.