AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı, Molekulyar genetika və genomika şöbəsinin insan genetikası laboratoriyasının kiçik elmi işçisi Şəlalə Abdulrəhimli Namiq qızı “Qartal” Dağçılıq İdman Klubunun təşkil etdiyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Böyük Qafqaz dağ silsiləsinin Heydər zirvəsinə 07 may 2022-ci il tarixdə keçirilən yürüşdə iştirak etmişdir. Böyük Qafqaz dağ silsiləsinin Qızılqaya massivi üzərində 3751 metr yüksəklikdə yerləşən Heydər zirvəsinə institutun 29.07.1995-ci il təvəllüdlü əməkdaşı Şəlalə Abdulrəhimli 10 alpinist arasında qrupun rəhbəri və bir üzvündən sonra 3-cü çatmışdır. Yürüş Quba rayonunun Qalayxudat kəndində sübh tezdən, saat 05:00-da başlamış və zirvəyə çatma vaxtı 6 saat, 46 dəqiqə, 50 saniyə olmuşdur. Ölkəmizdə dövlətçiliyin qurulmasında və təhlükəsizliyinin təmin olunmasında əvəzsiz xidmətləri olan Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə çox güclü ehtiramı olan alpinist Şəlalə 7 mayda ölkə ərazisində havanın çox sərt, küləkli, yağışlı, soyuq olmasına baxmayaraq çətin yolları, daşlı təpələri, çox dik yamaclı sıldırımlı, həm də sürüşkən qayaları, buz örtmüş çayları vətənpərvərlik hissinin gücü sayəsində dəf edərək finişə üçüncü çatmışdır. İslami dəyərlərə əsaslanan ülvü, milli hissdən irəli gələn Şəlalənin bu qələbəsi, həm də institutun sağlam ictimai-siyasi mühitinin bariz nümunəsidir. Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları Şəlaləni marşrutu boyu, Bakıdan Böyük Qafqaz dağ silsiləsinədək mobil əlaqə yaratmaqla izləmiş, uğuruna əmin olmaqla ona mənəvi dəstək olmuşlar. İnstitutun rəhbərliyi başda olmaqla bütün kollektivi Şəlalə Abdulrəhimlini təbrik edirlər! Ulu Öndərə isə Allah rəhmət eləsin və ruhun şad olsun deyirlər!
© www.genres.az