NEWS
12:11, 09.05.2022
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Böyük Qafqaz dağ silsiləsinin Heydər zirvəsinə 3-cü çatdı

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı, Molekulyar genetika və genomika şöbəsinin insan genetikası  laboratoriyasının kiçik elmi işçisi  Şəlalə Abdulrəhimli Namiq qızı “Qartal” Dağçılıq İdman Klubunun təşkil etdiyi  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Böyük Qafqaz  dağ silsiləsinin Heydər zirvəsinə 07 may 2022-ci il tarixdə keçirilən yürüşdə iştirak etmişdir. Böyük Qafqaz  dağ silsiləsinin Qızılqaya massivi üzərində  3751 metr yüksəklikdə yerləşən Heydər zirvəsinə institutun  29.07.1995-ci il təvəllüdlü  əməkdaşı Şəlalə Abdulrəhimli  10 alpinist  arasında qrupun rəhbəri  və bir üzvündən sonra  3-cü çatmışdır.Yürüş  Quba  rayonunun Qalayxudat kəndində sübh tezdən, saat  05:00-da başlamış və zirvəyə çatma vaxtı  6 saat, 46 dəqiqə, 50 saniyə olmuşdur. Ölkəmizdə dövlətçiliyin qurulmasında və təhlükəsizliyinin  təmin  olunmasında əvəzsiz xidmətləri olan Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə çox güclü ehtiramı olan alpinist Şəlalə 7 mayda ölkə ərazisində havanın çox sərt, küləkli, yağışlı , soyuq  olmasına baxmayaraq çətin yolları, daşlı təpələri, çox dik yamaclı sıldırımlı, həm də sürüşkən  qayaları, buz örtmüş çayları  vətənpərvərlik hissinin gücü sayəsində  dəf edərək finişə üçüncü çatmışdır. İslami dəyərlərə əsaslanan  ülvü,  milli hissdən irəli gələn Şəlalənin bu qələbəsi, həm də   institutun sağlam ictimai-siyasi mühitinin bariz nümunəsidir. Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları Şəlaləni marşrutu boyu, Bakıdan Böyük Qafqaz dağ silsiləsinədək mobil əlaqə yaratmaqla izləmiş, uğuruna əmin olmaqla ona mənəvi dəstək olmuşlar. İnstitutun rəhbərliyi başda olmaqla bütün kollektivi Şəlalə Abdulrəhimlini təbrik edirlər!  Ulu Öndərə isə Allah rəhmət eləsin və ruhun şad olsun deyirlər!