XƏBƏRLƏR
11:23, 21.04.2021
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı doktorluq dissertasiyasını müdafiə edib

Genetik Ehtiyatlar İnstitutunun Texnologiya şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Hamlet Sadıqovun AMEA-nın Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının iclasında genetika ixtisasında biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Tetraploid buğda genotiplərinin zülal polimorfizmi və keyfiyyət əlamətlərinin genetik marketlərlə əlaqəsi" mövzusunda təqdim etdiyi dissertasiyanın müdafiəsi keçirilib.

Genetik Ehtiyatlar İnstitutundan AZƏRTAC-a bildirilib ki, Şura üzvləri gizli səsvermə yolu ilə yekdilliklə müsbət qiymətləndirərək, H.Sadıqovu biologiya doktoru elmi dərəcəsi almağa layiq görüblər.

Qeyd edək ki, H.Sadıqov tərəfindən ilk dəfə olaraq, yerli və introduksiya olunmuş tetraploid buğdaların növarası hibrid kombinasiyalarından alınmış F1 və F2 nəsillərində qliadin- və qlüteninkodlaşdıran lokusların (Gld 1A, Gld 1B, Gld 6A və Gld 6B) allel genlərinin irsənkeçmə xüsusiyyətləri aşkar edilib. Həmin genlərin kodlaşdırdığı yeni allel komponentlər blokları identifikasiya edilərək, buğda növləri arasında kəskin genetik müxtəliflik aşkarlanıb.