XƏBƏRLƏR
14:52, 06.02.2021
AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir

AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov pandemiya ilə əlaqədar olaraq 2021-ci ildə Elmi Şuranın ikinci iclasının da onlayn təşkil edildiyini bildirərək, gündəlikdə duran məsələləri diqqətə çatdırdı. O bildirdi ki, AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli 1/2 nömrəli qərarından (AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqında) irəli gələn müəyyən işlər operativ şəkildə yerinə yetirilməli, İnstitutda elmi tədqiqat şöbələrinin işi gücləndirilməli və intizam məsələlərinə diqqət artırılmalıdır. Z.Əkpərov bildirdi ki, AMEA-da idarəetmə ilə bağlı aparılan islahatları yüksək qiymətləndirir və Rəyasət Heyətinin qərarına uyğun olaraq İnstitutda da Təchizat və Xidmət Şöbəsi, İnnovasiya üzrə Menecer və Baş Mühəndis ştatlarının yaradılması İnstitutda mövcud olan avadanlıqlardan səmərəli istifadə olunmasına və büdcədən kənar vəsaitin qazanılması işlərinə kömək edəcəkdir.  Bundan başqa, İnstitutda elmi tədqiqat şöbələrinin işinin gücləndirilməsi məsələləri də müzakirə olundu və təklif olundu ki, Bitkilərin biokimyası və Texnologiya şöbələrində aparılan elmi tədqiqat işlərinin yaxınlığı nəzərə alınaraq həmin şöbələr birləşdirilsin. Şura üzvləri qeyd olunan şöbələrin əməkdaşlarının bir şöbədə daha məhsuldar elmi işlər görə biləcəyini vurğuladılar və səsvermə ilə şöbələrin birləşdirilməsi haqqında Biologiya və Tibb Elmləri Bölməsi qarşısında vəsatətin qaldırılması qərara alındı. İnstitutun bir sıra şöbələrinin adlarında isə qismən dəyişikliklərin edilməsi haqqında qərar qəbul edildi.

Elmi Şurada İnstitutun “2021-2025-ci illər üzrə elmi-tədqiqat işlərinin əhatəli planı” da geniş müzakirə olundu. Z.Əkpərov bildirdi ki, əvvəllər İnstitutda hər şöbə ayrıca mövzu üzrə elmi tədqiqat işləri aparırdı. Növbəti 5 ilin planında isə aparılan elmi işlərin səmərəliliyinin artırılması və öyrənilən genetik materialların kompleks tədqiq olunması üçün müxtəlif şöbələrin bir mövzu daxilində tədqiqat işi aparılması daha məqsədəuyğun hesab edilmişdir. Belə ki, Dənli taxıl və paxlalı bitkilər, Tərəvəz və bostan bitkiləri, Texniki və yem bitkiləri və  Meyvə bitkiləri şöbələrinin təklif etdikləri elmi tədqiqat işləri bir mövzu altında birləşdirilmişdir. Bundan başqa, Bitki fiziologiyası və İmmunogenetika şöbələrinin, Biokimya və Texnologiya şöbələrinin, eləcə də Biotexnologiya və Molekulyar sitogenetika şöbələrinin mövzuları birləşdirilmiş, ümumilikdə İnstitutda elmi tədqiqat işlərinin 7 mövzu üzrə davam etdirilməsi nəzərdə tutulmuşdur.  Qeyd edildi ki, növbəti 5 il ərzində mövzu planına işğaldan azad olunmuş ərazilərdə də elmi tədqiqat işlərinin aparılması üzrə iş və mərhələlər daxil edilmişdir. Z.Əkpərov bildirmişdi ki, işğaldan azad olunmuş ərazilərimiz minalardan təmizləndikdən sonra mərhələli şəkildə həmin bölgələrin genetik ehtiyatları təftiş olunacaq, toplanılaraq kompleks şəkildə qiymətləndiriləcək və onlardan seleksiyada istifadə olunacaqdır.  5 illik elmi tədqiqat planı Elmi Şuranın üzvləri tərfindən geniş müzakirə edilərək açıq səsvermə ilə qəbul edilmişdir.