AMEA Genetik Ehtiyatlar İnstitutunun bir qrup əməkdaşı (Xədicə Bayramova, Şəlalə Abdulrəhimli, Gülər İsmayılova, Bayram Bayramov və Mehrac Abbasov) Hindistanının “NextGenHelper” bioinformatika təşkilatı tərəfindən 23, 24 və 30 yanvar, 2021-ci il tarixlərində “Bioinformatika, Genomika, Proteomika və NGS verilənlər dəstlərinin analizinin əsasları” mövzusunda keçirilən kursda iştirak etmişlər. Kursda "Bioinformatik analizlərə başlamaq üçün əsas Linux/Shell komandaları”, “Onlayn platformalardan istifadə etməklə gen ekspressiyası analizi”, “Mikrobiom üçün verilənlər analizi”, “Avtomatlaşdırılmış genom assemblinqi və annotasiyası”, “Variantların identifikasiyası üzrə tam ekzom sekvensləmənin verilənlər analizi” və “Oxşarlıq modeli əsasında protein quruluşunun müəyyənləşdirilməsi” mövzularında nəzəri mühazirələr söylənilmiş və praktik çalışmalar yerinə yetirilmişdir. GEİ-nin əməkdaşları kursu uğurla tamamlayaraq sertifikat əldə etmişlər. Seçilmiş mövzular üzrə ("Linux/Shell komandaları”, “Genom assemblinqi və annotasiyası”, “Tam ekzom verilənlərinin müqayisəli analizi”) kurs materiallarının daha dərindən öyrənilməsini təşkil etmək məqsədilə gənc mütəxəssislərinin iştirakı ilə İnstitutda seminarların təşkili planlaşdırılır.
16:34, 30.01.2021
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları beynəlxalq kursda iştirak etmişlər.