Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (ICARDA) Genetik Ehtiyatlar Bölməsinin aparıcı mütəxəssisi Dr.Məhəmməd Favzi Navar və bitki genetik ehtiyatlarının (BGE) sənədləşdirilməsi üzrə tanınmış mütəxəssis, Polşalı alim Dr.Yan Konopkanı qəbul etmişdir.
BGE üzrə Beynəlxalq Etimad Fondunun dəstəyi ilə baş tutan görüşdə məqsəd Azərbaycanın BGE üzrə informasiya sistemi və Milli Genbankın məlumat bazası infrastrukturunun yenilənməsi, fond tərəfindən İnstituta hədiyyə edilmiş yüksək keyfiyyətli işçi kompüter/ serverin işə salınması, ICARDA tərəfindən yeni, müasir tələblərə cavab verən informasiya sisteminin təqdimatı idi.
Altı günlük səfər müddətində qonaqlar Beynəlxalq əlaqələr, informasiya və koordinasiya şöbəsinin baş mütəxəssisi və Milli Genbankın Məlumat Bazasının İdərəedicisi İlhamə Mirzəliyeva ilə birlikdə sözügedən bazanın daha da mükəmməlləşdirilməsi və yeni yaradılmış sistemə qoşulması üçün köhnə sistem üzərində infrastruktur dəyişiklikləri aparmış və yeni sistemə keçid üçün işlər görmüşlər. Məlumatların yeni sistemə köçürülməsi prosesinə artıq başlanılmışdır. Bu Milli Genbankın məlumat bazasının müasir informasiya texnologiyaları vasitəsilə daha da inkişaf etdirilməsi və dünya şəbəkələrinə inteqrasiyası üçün gözəl imkan yaradır.
Qeyd edək ki, səfər çərçivəsində ICARDA tərəfindən GEİ Milli Genbankına tarla bitkilərinin səciyyələndirmə məlumatlarını aparmaq üçün xüsusi tablet, barkod printeri və barkod skanneri hədiyyə edilmişdir.
POTO>>>