XƏBƏRLƏR
10:02, 17.11.2016
AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru Hindistanda 1-ci Beynəlxalq Aqrobiomüxtəliflik Konqresində iştirak etmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Hindistanın Dehli şəhərində 4 günlük elmi ezamiyyətdə olmuşdur.

O, səfər müddətində Romanın Beynəlxalq Biomüxtəliflik İnstitutu (BBİ) və Hindistan Respublikası (HR) hökumətinin təşkilatçılığı ilə, 10-dan çox beynəlxalq (FAO – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, CİMMYT – Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz, İCARDA – Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz, İCRİSAT – Yarım-quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz və s.) və 40-dan çox milli elm mərkəzləri ilə əməkdaşlıq şəraitində həyata keçirilən 1-ci Beynəlxalq Aqrobiomüxtəliflik Konqresində Azərbaycanı təmsil etmişdir.

 Dünyanın 5 qitəsi və 60-dan çox ölkəsindən dəvət edilmiş 900-dən çox tanınmış alimin, Nobel mükafatı laureatlarının iştirak etdiyi bu mötəbər qlobal tədbir dünya üzrə aqrobiomüxtəlifliyin etibarlı mühafizəsi və səmərəli istifadəsi ilə bağlı elmi tədqiqat nəticələrinin, gələcək ehtiyac və prioritetlərin, yeni əsrin çağırışlarının yüksək səviyyədə müzakirəsinə həsr edilmişdir.

HR-nın baş naziri Narendra Modi Konqresin açılışında iştirak edərək məruzə ilə çıxış etmiş və  uğurlar arzulamışdır. Beynəlxalq əhəmiyyətli tədbirə Yaşıl İnqilabın atası professor M.S.Swaminathan, Hindistan Kənd Təsərrüfatı Akademiyasının yaradıcısı, görkəmli alim professor Rac Poroda, BBİ-nin, FAO-nun yüksək rütbəli məmurları və görkəmli elm xadimləri sədrlik etmişlər.

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Konqres iştirakçılarına aqrobiomüxtəlifliklə bağlı Azərbaycanda aparılan fəaliyyətlər, əldə edilən nailiyyətlər, inkişaf planları haqqında geniş məlumat vermişdir. Bundan əlavə, ikitərəfli və çoxtərəfli görüşlərdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, Azərbaycanın elmi tədqiqat institutları ilə biomüxtəliflik üzrə beynəlxalq mərkəzlər və xarici elm təşkilatları arasında gələcək elmi və texniki əməkdaşlığın konturları müəyyənləşdirilmişdir.

Sonda 1-ci Beynəlxalq Aqrobiomüxtəliflik Konqresinin iştirakçıları Dehli Bəyannaməsini qəbul etmişlər. Qeyd olunan Bəyannamədə çox mühüm məsələlərlə yanaşı, BMT-yə “Aqrobiomüxtəliflik ili” elan edilməsi ilə bağlı çağırış da yer almışdır.

 

 

©  www.genres.az