XƏBƏRLƏR
16:55, 11.07.2016
AMEA Genetik Ehtiyatlar İnstitutunda Prostat vəzi xərçəngi mövzusunda beynəlxalq vebinar keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) növbəti beynəlxalq vebinar (internet vasitəsi ilə seminar) keçirilmişdir.

Seminarda GEİ-nin Biotexnologiya şöbəsinin “İnsan genetikası” qrupunun elmi işçisi Xaqani Eynullazadə “Prostat vəzi xərçəngində DNT metilasiyasının diaqnostik biomarker kimi dəyərləndirilməsi” mövzusunda məruzə ilə çıxış etmişdir. O prostat vəzi xərçəngi, ona səbəb olan amillər, xəstəliyin kilinik təzahürü,  bir sıra epigenetik və genetik mexanizmlər haqqında ümumi məlumat vermişdir.

X.Eynullazadə bildirmişdir ki, prostat vəzi xərçəngi də daxil olmaqla bütün növ xərçənglərin yaranma mexanizmi olduqca mürəkkəbdir. Prostat vəzi xərçənginin yaranmasında epigenetik dəyişikliklər xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə DNT molekulunun metilləşməsi bu xərçəngin yaranmasında önəmli rol oynayır. Aparılan tədqiqatlar prostat vəzi xərçəngi zamanı 70-ə yaxın müxtəlif genin yüksək dərəcədə metilləndiyini göstərmişdir. Bu xərçəng adətən ağır kliniki gedişli olsa da, erkən diaqnoz qoyulduğu zaman müalicə  oluna bilir. Bu nöqteyi-nəzərdən spesifik genlərin yüksək dərəcədə metilləşməsi prostat vəzi xərçənginin göstəricisi ola bilər və bundan həmin xərçəngin diaqnostikasında biomarker kimi istifadə edilə bilər. O qeyd etmişdir ki, gələcək tədqiqatlarda prostat vəzi xərçəngi zamanı metilləşən genlərdən bir və ya bir neçəsinin Azərbaycan populyasiyasına olan spesifikliyini təyin etmək əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

Xatırladaq ki, Xaqani Eynullazadə 2013-cü ildə Tibb Universitetinin Tibbi Biologiya fakultəsini bitirmiş, elə həmin ildə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanin Glasgow Universitetində Tibbi Genetika ixtisasi üzrə magistr təhsili almışdır.

 

©  www.genres.az