XƏBƏRLƏR
22:10, 09.06.2016
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Türkiyənin İzmir şəhərində ezamiyyətdə olmuşlar

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov və institutun böyük elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov Türkiyədə ezamiyyətdə olmuşlar.

“İslam Əməkdaşlığı Təşkilatı, Statistik, İqtisadi və Sosyal Araşdırma və Təlim Mərkəzi” (SESRIC) və  25 İslam ölkəsinin  iştirakı ilə həyata keçirilən təlim İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsi (COMCEC) və Türkiyə Respublikası Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi tərəfindən birgə maliyyələşdirilmişdir.

Gənc alimlər 5 günlük ezamiyyət müddətində 2014-TURAGRIC-065 nömrəli “İslam Əməkdaşlıq Təşkilatı üzvü Ölkələrdəki Kiçik Ölçüklü təsərrüfatlar/Ailə təsərrüfatları və Kooperativlər Arasında Məlumat Bazası, Məlumat şəbəkəsi və Veb Səhifəsinin Qurulması” adlı layihə çərçivəsində İzmir vilayətində yerləşən “S.S.Bademli Fidancılık Tarımsal Kalkınma Kooperatifi”nin Biotexnologiya laboratoriyasında "Klon, anac, fidan istehsalı və toxuma kulturası texnologiyası" adlı təlimdə iştirak etmişlər. Seminarda bitki toxuması üçün qida mühitinin hazırlanması, toxuma kulturası üçün bitki materialının götürülməsi və sterilləşdirilməsi, meristem toxumasının mikroskop altında əldə olunması, toxuma kulturasının mühitlərə əkilməsi, çoxaldılması, kökləndirilməsi mərhələləri nəzəri və praktiki olaraq həyata keçirilmişdir.

         Səfər çərçivəsində təlim iştirakçıları İzmir şəhərində yerləşən Ege Universitetinin Mühəndislik fakultəsinin Biomühəndislik şöbəsinin professorları Bahattin Tanyolaç və Aynur Gürellə görüşlər keçirmişlər. Görüş zamanı Ege Universiteti ilə Genetik Ehtiyatlar İnstitutu arasında birgə əmakdaşlığın həyata keçirilməsi müzakirə olunmuşdur.

M.Abbasov və A.Məmmədov təlimi uğurla başa vuraraq sertifikat almışlar.

 

FOTO>>>

 

VIDEO>>>

 

©  www.genres.az