Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir.
İlk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, professor Naib Əminov Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləmişdir. O, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş bu cinayətin ağır nəticələrindən, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsindən danışmışdır.
Daha sonra institutun Həmkarlar təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Hamlet Sadıqov çıxış edərək 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələrinin keçmiş sovet ordusuna məxsus əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan etməsindən bəhs etmişdir. Qeyd etmişdir ki, keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə erməni qəsbkarlarının həyata keçirdikləri bu soyqırımı, misli görünməmiş vəhşilik aktı təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi XX əsrin tarixinə düşmüşdür.
Tədbirdə Xocalı soyqrımınının ağır nəticələrini əks etdirən videoçarx nümayiş olunmuşdur.