XƏBƏRLƏR
17:45, 01.02.2016
Görkəmli alim Cəlal Əliyev son mənzilə yola salındı

Bu gün AMEA-nın Əsas binasında dünya şöhrətli Azərbaycan alimi, ictimai-siyasi xadim, ölkəmizdə biologiya və aqrar elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, “Şərəf” ordenli, AMEA-nın həqiqi üzvü Cəlal Əlirza oğlu Əliyevlə vida mərasimi keçirildi.

Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Mərhumun cənazəsi önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu. Görkəmli alimin cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Matəm mitinqini AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq görkəmli alim Cəlal Əliyevin səmərəli elmi fəaliyyətindən, böyük elm fədaisinin ölkəmizdə biologiya və aqrar elminin inkişafındakı müstəsna xidmətlərindən danışdı.

Alimin elmi məktəb yaratdığını, bütün mənalı ömrünü biologiya və aqrar elminin inkişafına həsr etdiyini vurğulayan AMEA rəhbəri qeyd etdi ki, akademik Cəlal Əliyevin elmi fəaliyyətinin 65 ildən çoxu kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr olunmuşdur. Akademikin fotosintezin tədqiqi sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər, qazanılan uğurlar dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilmişdir.

Akademikin fotosintezlə bağlı əldə etdiyi elmi nəticələrinin dünyanın bir çox ölkələrində uğurla tətbiq olunduğunu söyləyən Akif Əlizadə bildirdi ki,  alim hələ ötən əsrin 70-ci illərindən başlayaraq buğdanın fotosintez fəaliyyətinin sirlərini aydınlaşdırmaqla arzu olunan istiqamətə yönəltmək üçün genetik seleksiya işləri aparmışdır. Cəlal Əliyev Azərbaycanda fiziki-kimyəvi biologiya, xüsusən də biokimya və biofizika sahələrində tədqiqatları genişləndirərək respublikada yeni tədqiqat istiqamətlərinin - molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya və bioinformatikanın bünövrəsini qoymuş və əsaslı surətdə inkişaf etdirmişdir. Onun rəhbərliyi altında aparılan molekulyar tədqiqatlar əsasında buğda bitkisinin genom kitabxanası yaradılmış, sintez olunan plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində davamlılıq geni daşıyan bitki regenerantları alınmışdır. Bunun əsasında gen mühəndisliyindən istifadə edilməklə kənd təsərrüfatı bitkilərinin klonal çoxalma sxemi işlənib hazırlanmışdır.

AMEA rəhbəri qeyd etdi ki, akademik Cəlal Əliyevin təşəbbüsü ilə 300-dən çox elmi kadr hazırlanmışdır. Onlardan 85 elmlər namizədi və 11 elmlər doktoruna bilavasitə alimin özü rəhbərlik etmişdir.

Bildirildi ki, görkəmli elm xadimi, əsil ziyalı, təvazökar və səmimi insan C.Əliyevin zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcəkdir.

Vida mərasimində akademiklər Əhliman ƏmiraslanovBöyükkişi Ağayev,Məhərrəm Babayev, AMEA-nın müxbir üzvü Validə Əli-zadə çıxış edərək alimin zəngin elmi yaradıcılığından söz açdılar, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verdilər.

Vurğuladılar ki, akademiyanın bir elm məbədi kimi şöhrətlənməsində akademik Cəlal Əliyevin xidmətləri danılmazdır. O, böyük elmi məktəb yaradan alimlərdəndir. Cəlal Əliyev həm Azərbaycanda, həmçinin MDB, ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya, İsrail və Avropa ölkələrinin aparıcı elmi mərkəzlərində və universitetlərində müvəffəqiyyətlə çalışan, Azərbaycan xalqına nüfuz gətirən layiqli tələbələr yetişdirmişdir.

C.Əliyevin tələbələri adından çıxış edən AMEA-nın müxbir üzvü İbrahim Əzizov görkəmli alimin Azərbaycan elminin dünyada tanınması istiqamətində gördüyü işlərdən danışdı. Bildirdi ki, o, öz dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürməyi bacaran alimlərdəndir.

Sonra alimin cənazəsi son mənzilə yola salındı. Mərhum I Fəxri xiyabanda torpağa tapşırılacaq.

Şərəfli ömür yaşamış Cəlal Əliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

©www.science.gov.az