XƏBƏRLƏR
16:54, 05.11.2022
Genetik Ehtiyatlar İnstitutunda “Zəfər Günü” ilə bağlı tədbir keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 2022-ci il 05 noyabr tarixində “Zəfər Günü” ilə bağlı təntənəli tədbir keçirilmişdir. Respublikanın ərazi bütövlüyünün təmin olunması, 30 ildən çox müddətdə işğal altında qalmış ölkə ərazisinin erməni işğalından azad edilməsi yolunda dünyasını dəyişmiş şəhidlərin ruhları sükutla yad edilmiş və Azərbaycanın Dövlət Himni dinlənilmişdir. GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov 44-günlük 2-ci Qarabağ müharibəsinin Qələbə ilə başa çatmasının institutun kollektivinin elmi yaradıcılıq əhval ruhiyyəsinə müsbət təsirini və əldə olunan böyük uğurlarını vurğulamışdır. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyiyi və uzaqgörən düzgün diplomatik siyasəti sayəsində əldə olunmuş Böyük Zəfərə görə Müzəffər ordunun hər bir zabit və əsgərinə, qazisinə institutun kollektivi adından minnətdarlığını bildirən Z. Əkpərov şəhidlərə bir daha da rəhmət diləmişdir. Daha sonra tədbirin fəxri qonağına, 1 və 2-ci Qarabağ müharibələrinin iştirakçısı, Qarabağ qazisi, hərbi ehtiyatda olan mayor, Hacı Muxtar Həşimov öz təəssüratlarını danışmışdır. Əslən laçınlı, vaxtı ilə peşəsi müəllim olan Hacı Muxtar 62 yaşında 2020-ci ildə təkrarən vətənini erməni işğalçılarından azad etmək üçün könüllü olaraq 2-ci Qarabağ müharibəsində iştirak etməsindən məmnun olduğunu və Vətən müharibəsində Müzəffər ordunun döyüşçüsü olduğuna görə özünü çox xoşbəxt sandığını bildirmişdir. O, hər iki müharibədə iştirakı ilə bağlı təəssüratlarını danışmışdır. Torpaqlarımızın 30 ildən çox işğal altında olduğu vaxtlarda yazdığı “Oxuma, tar” şerini tədbir iştirakçılarının nəzərinə çatdırmış və bu günkü gündə isə sevinclə, ürəkdən “Oxu, tar” şeri ilə əvəz etmişdir. Sinəsini ayrı-ayrı döyüşlərdə iştirakına və torpaqlarımızın düşməndən azad edilməsində şücaətinə görə çoxsayda medallar bəzəyən Hacı Muxtara institutun kollektivi adından Həmkarlar ittifaqı komitəsi tərəfindən 2-ci Qarabağ müharibəsinin rəmzi olan nəfis tərtibatlı xatirə hədiyyəsi təqdim olunmuşdur. Hacı Muxtar, həm də tədbir iştirakçılarının çoxsaylı suallarına cavab vermişdir. GEİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri, b.e.d. Hamlet Sadıqov 44-günlük 2-ci Qarabağ müharibəsinin Böyük Zəfərlə başa çatmasının mənəvi dəyərlərimin institutun elmi yaradıcı kollektivində ruh yüksəkliyini yaratmasını qeyd etməklə yanaşı, həm də dünyada ölkəmizə qarşı ikili standartların yanaşılması baxımından haqqın və ədalətin tam bərqərarlığı istiqamətində qardaş Türkiyə Respublikasının Azərbaycanın yanında olması sayəsində, hələ çox zəfərlərin şahidi olacağımız arzuları ilə nitqini tamamlamışdır. Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev çıxış edərək, ilk öncə “Zəfər Günü” nə həsr olunmuş tədbirin yüksək səviyyədə təşkili üçün tədbir iştirakçıları adından institutun rəhbərliyinə və Həmkarlar ittifaqı komitəsinə öz minnətdarlığını bildirmişdir. Zəfərlə nəticələnən 44-günlük Vətən müharibəsinin xalqımızın, hər birimizin həyatında və ölkəmizin müqəddaratında şox mühüm bir hadisə olduğundan “Zəfər Günü” ilə bağlı bu cür tədbirlərin gələcək illərdə də daha yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu bildirmişdir. Sonra, ötən yaxın keçimişimizin, ölkəmizin Böyük Zəfərdən sonrakı son iki ili ərzində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri də istisna olmamaqla Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının 2 il öncə, 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan xalqına müraciətini, Ulu Öndər Heydər Əliyevin keçmişdə uzaqgörənliklə dediyi hikmətli ifadələrini, 44 günlük müharibədə Müzəffər ordunun şücaətini, erməni terrorçularının Vətən müharibəsi ərəfəsində rayon və şəhərlərimizi bombardıman etmələrini özündə ehtiva edən video-rolik nümayiş etdirilmişdir. Tədbir iştirakçılarının diqqət və həyacanla izlədikləri video-rolik çox böyük marağa səbəb olmuşdur! Bu sevincin, Böyük Zəfərin bizlərə nəsib olmasına görə Allaha çox-çox şükürlər olsun! Müzəffər ordunun Ali Baş Komandan başda olmaqla bütün əsgər və zabitlərini, qazilərini Allah var eləsin, can sağlığı versin! Allah şəhidlərimizə rəhmət eləsin, Şəhidlərin ailələrinə, yaxınlarına səbir versin!

 

FOTO>>>

 

© www.genres.az