XƏBƏRLƏR
15:44, 28.09.2022
Genetik Ehtiyatlar İnstitutunun kollektivi daha bir yubilyarını təbrik elədi

Genetik Ehtiyatlar İnstitutunda(GEİ) GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü , prof. Zeynal İba oğlu Əkpərovu anadan olmasının 70 illiyi münasibəti ilə 2022-ci il 28 sentyabr tarixində yubiley tədbiri keçirilmişdir. Cəlilabad rayonunun Privolnı kəndində 1952-ci ilin 28 sentyabrında anadan olmuş Zeynal Əkpərov 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu aqronomluq ixtisası üzrə (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) fərqlənmə diplomu ilə bitirmişdir. 70 illik ömrünün, yalnız 44 ili elmə həsr olunan alimin bu müddətdə əldə etdiyi nailiyyətləri ölkədə və beynəlxalq aləmdə özünəməxsus elmi yaradıcılığı ilə tanınmasına səbəb olmuşdur. Akademik Cəlal Əliyevin rəhbərliyi ilə “Soyadan yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən fotosintez fəaliyyəti ” mövzusunda 1987-ci ildə elmlər namizədi , seleksiya və toxumçuluq ixtisası üzrə “Azərbaycanın bitki genetik ehtiyatlarının öyrənilməsi və seleksiyada istifadəsi” mövzusunda 2011-ci ildə elmlər doktoru dissertasiyalarını müdafiə etmişdir.

Z. Əkpərov bütün elmi yaradıcılıq fəaliyyətini yalnız ölkədə aqrar sahənin bitkiçilik üzrə çox prioritet və mühüm əhəmiyyətli elmi tədqiqatların aparılmasına həsr eləmiş, bitkilərin müxtəlif aqro-iqlim zonalarında becərilmək üçün rayonlaşdırılmış 8 sortunun yaradılmasında bilavasitə iştirak etmişdir. 15-dək perspektiv sort və formaların həmmüəllifi olaraq 22 şəhadətnamə və 3 patent əldə etmiş, müvafiq elmi fəaliyyət istiqamətlərində kadrların hazırlanmasında, 2002-ci ildən hal-hazıradək rəhbərlik elədiyi GEİ-nin inkişaf etdirilməsində çox böyük zəhməti olmuşdur. Prof. Zeynal Əkpərovun rəhbərliyi ilə 6 doktorant (FD-4, ED-2) və 5 dissertant (FD-4, ED-1) dissertasiya işlərini müdafiə etmişdir və 11 doktorant (FD-10, ED-1) və 17 dissertant(FD-3,ED-14) isə tədqiqat işlərini davam etdirir. Alimin apardığı elmi tədqiqatlarının nəticələri ölkədə və beynəlxalq miqyaslı jurnallarda 199 ayrı-ayrı məqalələrlə nəşr edilmişdir. Nailiyyətləri Dövlət səviyyəsində qiymətləndirilmiş, müvafiq təltiflərlə fəxri adlara layiq görülmüşdür. O , 2014-ci ildən AMEA-nın müxbir üzvü, 2015-ci ildən əməkdar elm xadimidir.

GEİ-yə 2002-ci ildən rəhbərlik edən Zeynal Əkpərovu institutun əməkdaşları həmişə işgüzar, tələbkar, obyektiv, həm də kollektivin hər bir üzvünə qarşı qayğıkeş müəssisə rəhbəri kimi tanımışdır. İslami dəyərlərdən irəli gələn onun yüksək insani keyfiyyətləri əsl alimə xas olan xüsusiyyətlərdir ki, bu da onun Allaha yaxın xoşbəxt bir insan olmağına dəlalət edir. Tədbir iştirakçıları 70 yaşlı yubilyara öz arzularını, icraçı direktor b.e.d. Mehrac Abbasov kollektivin adından xüsusi nəfislə tərtib olunmuş təbrik arzuları prospektini və institutun Həmkarlar ittifaqı komitəsinin sədri, b.e.d. Hamlet Sadıqov isə gül çələngini təqdim eləmişdir. Tədbirin sonunda institutun Ulu Öndər Heydər Əliyev guşəsinin önündə xatirə şəkilləri çəkilmişdir.

Həyatında çox sadə bir insan, işgüzar müəssisə rəhbəri, səmimi iş yoldaşı, mehriban ailə başçısı, qayğıkeş ata və baba olan 70 yaşlı yubilyara ömrünün qalan hissəsində can sağlığı şəraitində keçmişinin xoş xatirələri ilə yüksək əhval ruhiyyədə sağlam ömür sürməsini, elmi yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

 

FOTO>>>

 

© www.genres.az