XƏBƏRLƏR
16:01, 14.07.2022
AMEA Genetik Ehtiyatlar İnstitutu: elmi ekspedisiyalar davam etdirilir

AMEA Genetik Ehtiyatlar İnstitutunda (GEİ) mədəni bitkilərin yabanı əcdadlarının (MBYƏ) öyrənilməsi, MBYƏ-yə aid toxum və herbari materiallarının toplanması məqsədilə nəzərdə tutulan ekspedisiyalar davam etdirilir. GEİ-nin Ekobotanika və sistematika şöbəsinin əməkdaşları, K.V.Əsədova, V.M.Güvəndiyev, G.F.Allahverdiyeva, X.M.Əzizxanlı və G.Ş.Quliyeva GEİ-nin müvafiq saylı ƏMR-i ilə 2022-ci il 4-8 iyul tarixlərində Gəncə–Daşkəsən (Gəncə və Göygöl rayonları) və Qazax–Tovuz iqtisadi rayonlarında (Gədəbəy və Tovuz rayonları) elmi ekspedisiyada olmuşlar. Ekspedisiyanın məqsədi MBYƏ-yə aid herbari materiallarının toplanması olmuşdur. GEİ-nin əməkdaşları ekspedisiya müddətində 8 marşrut üzrə adıçəkilən iqtisadi rayonların ərazilərinə daxil olmuş, yem, meyvə-giləmeyvə, ədviyyat, vitaminli, balverən və dərman bitkilərinə aid (lərgə, qarayonca, gülülcə, xaşa, üçyarpaq yonca, gəvən, vələmir, arpa, soğan, boymadərən, qaraqınıq, dağdağan, dazıotu, yovşan, sürvə, yabanı yerkökü, xəşəmbül, alça, armud, qoz, fındıq, itburnu, çiyələk, heyva, iydə və s.) 100-ə yaxın toxum və herbari materialları toplamışlar. Toplanmış materiallar tədqiq olunmaq üçün institutun Herbari fonduna təhvil verilmişdir. Bununla belə, ekspedisiya müddətində GPS cihazı vasitəsilə üçölçülü məkan göstəriciləri və bitkilərin toplandığı əraziyə dair Beynəlxalq standartlara uyğun deskriptor məlumatları qeyd edilmiş və bitkilərin in situ şəraitində fotoşəkilləri çəkilmişdir. İşğaldan azad edilmiş rayonlar istisna olunmamaqla Respublikanın digər iqtisadi rayonlarında da ekspedisiyaların davam etdirilməsi nəzədə tutulur.

 

 

FOTO>>>

 

© www.genres.az