XƏBƏRLƏR
14:42, 07.10.2021
“Zoom” proqramı üzərindən onlayn formada AMEA Zoologiya İnstitutunun 85 illiyinə və akademik Musa Musayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Zoologiyada fundamental və tətbiqi elmi araşdırmalar mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
06.10.2021-ci il tarixdə “Zoom” proqramı üzərindən onlayn formada AMEA Zoologiya İnstitutunun 85 illiyinə və akademik Musa Musayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Zoologiyada fundamental və tətbiqi elmi araşdırmalar: Aktual məsələlər, nailiyyətlər və innovasiyalar” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. AMEA GEİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, institutun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin müdiri, b.ü.f.d. Ayaz Məmmədov, İmmunogenetika şöbəsinin müdiri, b.ü.f.d. Elçin Hacıyev, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev elmi-praktik konfransda iştirak etmişlər. Konfransı AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin sədri, akademik İradə Hüseynovanın adından giriş sözü ilə açan Bölmənin elmi katibi Afiq Məmmədov ilk öncə tədbir iştirakçılarını Zoologiya İnstitutunun 85 illiyi və akademik Musa Musayevin anadan olmasının 100 illik yubileyi münasibətilə təbrik etdi. O, institutun elmi nailiyyətlərindən və bu institutun yaradılmasında və inkişaf etdirilməsində müstəsna xidmətləri olan mərhum akademik Musa Musayevin elmi fəaliyyətinə dair qısa xülasə verdikdən sonra konfransa öz işini davam etdirməsində uğurlar arzuladı. AMEA Zoologiya İnstitutunun direktoru v.i.e., a.e.ü.f.d., dosent Ələddin Eyvazov institutun 85 illik tarixi fəaliyyəti dövründə nailiyyətlərini, institutun ölkə ərazisində faunanı öyrənməklə böyük nailiyyətlər əldə edildiyini, bununla da Azərbaycan elminə böyük töhfələr verildiyini qeyd etmişdir. Akademik Musa Musayevin Zoologiya İnstitutunun təşkilində, institutun 12 laboratoriyasının onun təşəbbüsü ilə yaradılması və fəaliyyətində müstəsna xidmətləri haqqında danışmışdır. GEİ-nin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev konfransda çıxış edərək əsas fəaliyyət istiqaməti Azərbaycanın heyvanlar aləminin növ tərkibini öyrənmək olan, fundamental elmi tədqiqatları və güclü alimlər ordusu ilə tanınmış Zoologiya İnstitutunun tarixən ən nüfuzlu elmi tədqiqat müəssisəsi olduğunu qeyd etməklə, həm də ölkə ərazisinin genetik ehtiyatlarının və bioloji müxtəlifliyinin öyrəniləsi baxımından faunanı, bütün növ heyvanları, o cümlədən kənd təsərrüfatı heyvanlarını, parazit və sərbəst yaşayan ibtidailər, helmintlər, gənə, həşarat, digər onurğasız heyvanları öyrənməklə böyük nailiyyətlər əldə etdiyini vurğulamışdır. Zoologiya institutunun Genetik ehtiyatlar institutu ilə həmişə əməkdaşlıq etdiyini, hazırda da bu ənənənin davam etdirildiyini qeyd etmişdir. O, həm də akademik Musa Musayev haqqında xoş xatirələrindən danışaraq onun yüksək mənəvi keyfiyyətlərinin və elmliliyinin islami dəyərlərə malik ulu babalarının soyundan irəli gəldiyini göstərmişdir. Konfransın ikinci hissəsində Zoologiya institutunun və digər elmi müəssisələrin alimlərinin təqdim etdiyi məzmunlu elmi nəzəri və praktik əhəmiyyətli çıxışlarına öz müsbət münasibətini bildirən Vəli Qarayev, həm də bəzi təqdimatlara görə tövsiyə xarakterli iradlarını da bildırmışdır. Sonda AMEA Biologiya və Tibb elmləri Bölməsinin və Zoologiya institutunun rəhbərliyinə, tədbirin təşkili və uğurla başa çatdırılması üçün bütün təşkilatçılarına, zəhməti olan hər bir kəsə konfrans iştirakçıları adından öz minnətdarlığını bildirmişdir.