Dilşad BayramovaStruktur bölmənin rəhbəri: b.e.n., baş elmi işçi Bayramova Dilşad Bayram qızı

İşçilərin ümumi sayı: 9

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: 

Ekspedisiya yolu ilə Azərbaycan ərazisində çoxillik bitkilərin, o cümlədən tumlu, çəyirdəkli, qərzəkli meyvə bitkilərinin, giləmeyvəlilərin mədəni sort və yabanı formalarının yayılma areallarının aşkar edilməsi, toplanması, qorunması, ərzaq təhlükəsizliyinin təmin olunmasında və seleksiya işlərində onlardan səmərəli istifadə olunması.

Nadir, ata-baba meyvə sort və formalarını qorumaq, genofondu zənginləşdirmək məqsədilə meyvə tingliyinin yaradılması, itmək təhlükəsində olan yerli sortların bərpası, artırılması, onlardan ibarət genofond-kolleksiya bağlarının salınması və bubitkilərin bioloji-təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi, qiymətləndirilməsi. Seleksiya yolu ilə yeni sortların yaradılması.

Struktur bölmənin əsas elmi nəticələri:

Son 5 ildə ekspedisiyalar və elmi ezamiyyələr nəticəsində meyvə və giləmeyvə bitkilərinin 325 sort, formasının, 200 yabanı–cır meyvənin yeri aşkar edilmiş, ünvanlaşdırılmış, toplanmış, alma, armud, heyva, gilas, gavalı, şaftalı, ərik, zoğal, alça, fındıq, qarağat, moruq və s. bitkilərin 150 sortundan 4,5 hektar sahədə genofond-kolleksiya bağı əkilmiş və onlar üzərində tədqiqat işləri aparılmaqdadır.

Badamın 12 sort, 77 forması, püstənin isə 1 sort və 99 forması üzərində elmi-tədqiqat işləri davam etdirilir, tədqiq edilən formalar içərisində digər formalardan üstün olan badamın 4 forması DSS-yə təqdim ediləcəkdir.

Laboratoriyada müxtəlif meyvə bitkilərinin (çaytikanı, alma, fındıq, armud) yarpaqlarının morfo-anatomik quruluşu və tozcuqları tədqiq edilmişdir.

2009-cu ildən etibarən laboratoriyanın əməkdaşları İnstitutun Təcrübə Bazalarında müxtəlif meyvə bitkilərinin cırlarını əkib artırır, nadir, itib-batmaqda olan sortlar calaq yolu ilə bərpa edilir.

2008-2012-ci illər ərzində laboratoriyanın əməkdaşları tərəfindən 76 elmi əsər, o cümlədən 2 kitab, 45 məqalə (18-i xaricdə), 29 tezis (15-xaricdə) nəşr olunmuşdur.