XƏBƏRLƏR
08:11, 21.08.2018
Azərbaycanlı alimlər İran İslam Respublikasında elmi ezamiyyətdə olmuşlar

Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavinləri - AMEA Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Azərbaycan Tibb Universitetinin (ATU) I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov, GEİ elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov və ATU-nun Xarici tələbələrlə iş üzrə dekanı, tibb üzrə fəlsəfə doktoru Orxan İsayev  İran İslam Respublikasında elmi ezamiyyətdə olmuşlar.

  İran İslam Respublikasının Təhsil, Mədəniyyət və Tədqiqat üzrə Akademik Mərkəzinin (TMTAM) dəvəti və təşkilatçılığı ilə “Royan sonsuzluq mərkəzi”, “Royan kök hüceyrə texnologiyası şirkəti”, “Hüceyrə texnologiyası şirkəti” və “Bioloji Ehtiyatlar Mərkəzi” ilə görüşlər keçirilmiş, birgə tədqiqatların aparılması və müxtəlif istiqamətlərdə elmi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilmişdir. TMTAM-ın rəhbərliyi ilə görüş zamanı AMEA-nın müxbir üzvü Z.Əkpərov AMEA-da, AMEA-nın müxbir üzvü N.Bayramov və t.ü.f.d. O.İsayev ATU-da aparılan tədqiqat istiqamətləri haqqında geniş məlumat vermişlər. TMTAM ilə AMEA arasında əməkdaşlığın gücləndirilməsi, birgə qrant layihələrinin elan edilməsi, tələbə və tədqiqatçı mübadiləsinin aparılması məqsədilə anlaşma memorandumunun layihəsi hazırlanmışdır.

Daha sonra danışıqlar Royan Sonsuzluq Mərkəzi və Royan Kök Hüceyrə Texnologiyası Şirkətinin rəhbər heyəti ilə davam etdirilmişdir. Royan-ın müxtəlif tədqiqat mərkəzlərində və klinikalarında aparılan işlər haqqında geniş məlumat verilmiş, müxtəlif istiqamətli laboratoriyalara və göbək ciyəsi bankına baxış keçirilmişdir. Gələcəkdə Azərbaycanda da kök hüceyrəsi üzrə tədqiqatların genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi müzakirə edilmişdir. Əməkdaşlığın davamlı aparılması məqsədilə AMEA Genetik Ehtiyatlar İnstitutu ilə Royan Kök Hüceyrə Texnologiyası Şirkəti arasında niyyət protokolu imzalanmışdır.

Bioloji Ehtiyatlar Mərkəzi və Hüceyrə texnologiyası şirkəti ilə də keçirilən görüşlər zamanı ortaq elmi əməkdaşlığın perspektivləri müzakirə edilmiş, beynəlxalq layihələrdə iştirak və kadr hazırlığı məsələlərində birgə fəaliyyətlərlə bağlı razılıq əldə edilmişdir.

 

FOTO>>>

 

©  www.genres.az