XƏBƏRLƏR
11:32, 08.08.2017
Tovuzun Əsrik dərəsinin ağac və kol bitkiləri öyrənilir

Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, eləcə də institutun Herbari və toxumçuluq laboratoriyasının əməkdaşları Tovuz rayonunda ekspedisiyada olublar.

Alimlər iyulun 31-dən avqustun 4-dək Azərbaycan dendroflorasının IV cildinin hazırlanması və Tovuz rayonunun Əsrik dərəsinin dendroflorasının öyrənilməsi məqsədilə rayon ərazisində tədqiqat aparıblar.

Tematik plana uyğun olaraq Əsrik dərəsinin dendroflorasının hərtərəflı monitorinqi aparılıb, həmin ərazilərin bitki örtüyü elmi əsaslarla araşdırılıb, təbii ağac və kol bitkiləri dendroloji təhlil edilib. Bundan başqa, Əsrik dərəsinin 170 növ ağac və kol bitkisindən 500 herbari nümunəsi toplanılaraq fonda əlavə edilib.

 

©www.science.gov.az