24 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda 2026-cı il üzrə elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş illik hesabatların dinlənilməsinə başlanılıb.
Hesabat iclasını giriş sözü ilə açan biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov institutun yeni rəhbərinin təyin olunmasını diqqətə çatdırıb. O, b.ü.f.d. Nigar Kərimovanın müvafiq əmri ilə Elmi-Metodiki Komissiyanın yaradıldığını bildirərək, komissiyanın əsas fəaliyyət istiqamətlərinin elmi-tədqiqat nəticələrinin qiymətləndirilməsi, onların elmi və praktiki əhəmiyyətinin müəyyənləşdirilməsi və elmi fəaliyyətin səmərəliliyinin artırılması olduğunu qeyd edib.
İclasda Dənli-taxıl və paxlalı bitkilər, Tərəvəz və bostan bitkiləri, Meyvə bitkiləri, Milli Genbank, Fizioloji genetika, Ekobotanika və sistematika şöbələrinin illik hesabatları təqdim olunub. Əldə edilmiş mühüm elmi nəticələr mütəxəssislərin iştirakı ilə müzakirə edilib.
Hesabatları dinlənilən şöbələrin əməkdaşlarının elmi əsərlərinin yerli və beynəlxalq elmi jurnallarda dərc olunduğu bildirilib.
İclasda çıxış edən institutun İcraçı direktoru, Baş direktorun səlahiyyətlərini icra edən, b.ü.f.d. Nigar Kərimova tətbiqi və fundamental tədqiqatların daha da dərinləşdirilməsinin, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin elmi şöbə rəhbərləri tərəfindən qaldırılan problemlərin qısa müddətdə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.
İnstitutun digər elmi struktur bölmələrinin illik hesabatlarının dinlənilməsi növbəti günlərdə davam etdiriləcək.