Ekobotanika və sistematika şöbəsinin əməkdaşları aparıcı elmi işçilər Kəmalə Əsədova, Vahid Güvəndiyev, elmi işçi Xarıbül Əzizxanlı və doktorant Mədinə Rüstəmzadə qeyd olunan ərazilərdə floristik tədqiqat işləri aparmışlar. Ekspedisiya 8 marşrut üzrə həyata keçirilmiş, həmin rayonlarda yayılan mədəni bitkilərin yabanı əcdadları tədqiq edilmiş, onların arealları dəqiqləşdirilmiş və tədqiqi planlaşdırılan əcdad bitkilərdən 22 fəsilə, 30 cinsə aid 250 dən çox herbari materialları toplanılmışdır. Toplanılan bitkilər arasında Paxlalılar fəsiləsinə (Fabaceae Lindl.) aid qiymətli yem əhəmiyyətli qarayonca, lərgə, üçyarpaq yonca, xaşa, Taxıllar fəsiləsinə (Poaceae Barnhart) aid arpa, vələmir, buğdayıot, müxtəlif fəsilələrə aid mühüm dərman (dərman xəşənbülü, itburnu, çobanyastığı, yovşan, üzərlik, daş yarpızı, çöl nanəsi, bağayarpağı, boymadərən, ədviyyat (kəklikotu, yarpız və s.), ərzaq və qida əhəmiyyətli (yabanı yerkökü, yabanı noxud, əməköməci və s.), həmçinin yabanı nar, iydə, böyürtkən bitkiləri üstünlük təşkil edir. Toplanılan növlərin Beynəlxalq deskriptor formaları üzrə monitorinq məlumatları qeyd edilmişdir. Hər bir növün in situ şəraitdə populyasiyasının vəziyyəti, rast gəlinən bitki qruplarının fitosenoloji təhlili aparılmış və bitkilərin təbiətdə orijinal fotoları çəkilmişdir.