XƏBƏRLƏR
10:25, 18.05.2026
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları “Türk dillərinin ekologiya terminləri lüğəti”nin təqdimat mərasimində iştirak ediblər.
Mayın 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Beynəlxalq Türk Akademiyası tərəfindən nəşr olunan “Türk dillərinin ekologiya terminləri lüğəti”nin təqdimat mərasimi keçirilib.
Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, layihənin elmi əlaqələndiricisi doktor Aynur Mayemerova, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, AMEA-nın müxbir üzvü İlham Şahmuradov və digər alim və mütəxəssislər iştirak ediblər.
Tədbir zamanı çıxış edən Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov lüğətin türk xalqları arasında ortaq elmi terminologiyanın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, ekologiya sahəsində terminoloji vahidliyin yaradılması beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə, elmi məlumat mübadiləsinin daha səmərəli təşkilinə və ortaq elmi yanaşmaların inkişafına mühüm töhfə verir.
Qeyd olunub ki, lüğət azərbaycanlı alim professor Elman Yusifovun və digər türkdilli dövlətlərin alimlərinin təqdim etdiyi terminlər əsasında beynəlxalq ekspert qrupu tərəfindən hazırlanıb.
Bir cilddən ibarət nəşrdə 5000-ə yaxın ekoloji termin yer alıb. Terminlər 11 dildə – ingilis, rus və 9 türk dilində (Azərbaycan, başqırd, qazax, qaraqalpaq, qırğız, özbək, tatar, türk və türkmən dillərində) təqdim olunur.
Mütəxəssislərin fikrincə, bu cür layihələr türk dilləri arasında ortaq elmi bazanın formalaşmasına və ekologiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir.