Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Sitologiya və Genetika İnstitutundan olan tədqiqatçılar Nikolay P. Gonçarov və İrina G. Adonina uzun illər institutumuzda işləmiş professor N.X. Əminov tərəfindən, 1980-ci illərin əvvəllərində, pərinc (T. dicoccum ilə çarpazlaşmadan (2n = 4x = 28)) ilə egilops (Ae. speltoides Tausch (2n = 2x = 14)) hibridləşməsindən əldə edilmiş stabil heksaploid buğda formasını molekulyar sitogenetik metodlarla tədqiq edərək onun həqiqi amfidiploid olduğunu sübut etmiş və bu formanı Triticum cinsinin sistematikasına yeni sintetik növ olaraq Triticum aminovii N.P. Gontsch. adı altında daxil etmişdilər. Sintetik nümunənin holotipi Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Mərkəzi Sibir Botanika Bağının İ.M. Krasnoborov Herbarisində (NS) saxlanılacaq, qeyd nömrəsi NS0000947-dir. Qeyd etmək lazımdır ki, buğdanın yadcinsli amfidiploidləri müxtəlif ölkələrdə (ABŞ, Almaniya, Rusiya, Yaponiya, Meksika, Azərbaycan, Ermənistan, Bolqarıstan və s.) yaradılmış və beynəlxalq gen banklarında saxlanılırlar. Buğdanın yadcinsli amfidiploidləri təbiətdə mövcud olmayan, amma genetik cəhətdən sabit və fertil formalar olmaqla, tədqiqatçılar üçün taxılların təkamül və genom sabitliyinin öyrənilməsi üçün model, seleksiyaçılar üçün isə təmiz yabanı növlərin özləri ilə müqayisədə onların genlərinin daha asan ötürülməsi üçün “körpü” formalar kimi istifadə olunurlar. Məqaləyə link: https://link.springer.com/article/10.1007/s42976-025-00677-w