Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclasda gündəlikdə duran bir sıra elmi-təşkilati və beynəlxalq əməkdaşlığa dair məsələlər müzakirə olunmuşdur. Tədbiri institutun direktoru açaraq, bu il qeyd olunan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyi münasibətilə ölkəmizdə elmin inkişafında Akademiyanın tarixi rolundan və Azərbaycan elminin keçdiyi inkişaf yolundan bəhs etmiş, bu yubileyin elm tariximiz üçün mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illiyinə həsr olunmuş tədbirdəki çıxışında proqram xarakterli vəzifələrin gələcək dövr üçün yeni yol xəritəsi kimi qəbul edilmişdir. Bundan irəli gələrək yeni dövr üçün elmi fəaliyyətlərinin müasir tələblərə uyğun qurulması, innovativ tədqiqatların təşviqi və gənc alimlərin inkişafının dəstəklənməsi, tədqiqat mühitinin modelləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, rəqəmsallaşma, süni intellekt, ətraf mühit problemləri və s. çağırışlar istiqamətində qarşıya qoyulan vəzifələr alimlər tərəfindən olduqça müsbət qəbul edilmişdir. Gündəliyə uyğun olaraq bir sıra elmi və beynəlxalq əməkdaşlığa dair məsələlərə baxılmışdır. Doktorant Elvira Təhməzlinin dissertasiya mövzusunun adının dəyişdirilməsi barədə qərar qəbul edilmiş, Rühəngiz Məmmədovanın İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində Pakistan İslam Respublikasında keçdiyi elmi təcrübə proqramı, həmçinin Orxan Mustafayev və İlhamə Mirzəliyevanın Mərakeşdə keçirilən beynəlxalq təlimdə iştirakı ilə bağlı hesabatlar dinlənilmişdir. İclasın sonunda sair məsələlər müzakirə olunmuş, institutun elmi fəaliyyətinin səmərəliliyinin artırılması və beynəlxalq əlaqələrin genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülmüşdür.