XƏBƏRLƏR
12:15, 07.11.2025
Genetik Ehtiyatlar İnstitutunda Zəfər günü qeyd edilmişdir.
2025-ci il noyabrın 7-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar Institutunda Zəfər Günü münasibətilə tədbir keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov açaraq, Zəfər Gününün Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldığını bildirib. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əldə etdiyi möhtəşəm qələbəni xalqımızın birliyi və dövlətimizin gücünün təntənəsi kimi səciyyələndirdi. O, çıxışında qeyd etdi ki, 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası, xalqımızın milli qürur və ləyaqətinin təntənəsidir. 8 noyabr Azərbaycan xalqının tarixi taleyində əzəmət və qürurla dolu bir gündür. Bu gün biz tarixi ədalətin bərpasını, torpaqlarımızın azadlığını və dövlətimizin gücünü simvolizə edən Zəfər Gününü böyük sevinc və iftixarla qeyd edirik. Möhtərəm Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu Qələbə bizim gücümüzü, iradəmizi və xalq-ordu birliyimizi bütün dünyaya nümayiş etdirdi.”
Çıxışının sonunda Zeynal Əkpərov kollektivi noyabrın 8-də paytaxtın Azadlıq meydanında keçiriləcək hərbi paradı canlı izləməyə dəvət etdi.
Tədbirdə cıxış edən Genetik Ehtiyatlar İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri Rzaqulu Hacıyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il 8 noyabr tarixinin Zəfər Günü kimi təsis edildiyini yığıncaq iştirakçılarının diqqətinə catdırmışdır. O, cıxışında ölkə başçısının 2024-cü il 28 dekabr tarixli Sərancamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edildiyini xatırladaraq Zəfər Gününün 5-ci ildönümünün bu il təntənəli keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Rzaqulu Hacıyev cıxışında 8 noyabr tarixinin Azərbaycan xalqının hərb tarixində ən şərəfli və möhtəşəm qələbə olduğunu qeyd edərək, hər kəsin bu Zəfəri qorumaq və onu gələcək nəsillərə ötürmək vəzifəsi daşıdığını bildirdi.
Sonda şəhidlərin xatirəsinə və Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.