
15:08, 16.10.2025
GEİ əməkdaşının elmi məqaləsi beynəlxalq “Scopus” bazasına daxil olan jurnalda dərc olunmuşdur
AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Günel Quliyevanın müəllifi olduğu “Azərbaycanda yabanı vələmir (Avena L.) populyasiyalarının yayılması və biomorfoloji qiymətləndirilməsi” adlı elmi məqalə Scopus elmi bazasına daxil olan Yüzüncü Yıl Universitetinin “Tarım bilimleri dergisi” jurnalında dərc olunmuşdur.
Tədqiqatda Azərbaycanın müxtəlif bölgələrində yabanı vələmir növlərinin biomorfoloji xüsusiyyətləri və ekocoğrafi yayılması öyrənilmiş, 2019–2024-cü illəri əhatə edən 50 marşrut üzrə həyata keçirilmiş ekspedisiyalar zamanı toplanmış herbari nümunələri və biomorfoloji göstəricilər elmi-statistik metodlarla təhlil edilmişdir. Bu müddətdə 230 herbari və toxum nümunəsi toplanmış, 10 vələmir növü üzərində 29 kəmiyyət və 16 keyfiyyət göstəricisi üzrə məlumatlar Diva-GIS və SPSS proqramında statistik təhlildən keçirilmişdir. Nəticələr göstərmişdir ki, vələmir növləri əsasən Abşeron və Kür-Araz ovalığı bölgələrində, əkin sahələrində, yol kənarlarında, həmçinin dənizsahili ərazilərdə daha geniş yayılmışdır.
Bu nəşr, Azərbaycanın elmi potensialının beynəlxalq səviyyədə tanıdılması və ölkənin bitki genetik ehtiyatlarının tədqiqi istiqamətində aparılan işlərin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.