XƏBƏRLƏR
11:47, 18.06.2025
Genetik Ehtiyatlar İnstitutunda pambığın seleksiyasına aid elmi əməkdaşlıq müzakirə olunmuşdur
AR ETN Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMvəTBETİ) Texniki Bitkilərin Seleksiyası şöbəsinin müdiri, aqrar elmlər doktoru Ələddin Tağıyev və həmin şöbənin digər əməkdaşlarını qəbul etmişdir.
Görüş çərçivəsində BMvəTBETİ - nin Şirvan Təcrübə Stansiyasında "Quraqlığa davamlı, lif çıxımı və keyfiyyəti yüksək olan pambıq sortlarının (G.hirsutum L.) növ daxili hibridləşməsi, müasir texnologiya və qarşılıqlı yaxşılaşdırılma metodları ilə yeni seleksiya materiallarının yaradılmasının sürətləndirilməsi" mövzusunda birgə aparılan elmi-tədqiqat işi müzakirə edilmişdir. Bu təcrübə əsasında hər iki elmi müəssisənin seleksiyaçı alimləri tərəfindən yaradılmış pambıq sortlarının birgə sınaqlarının təşkili, yüksək lif çıxımlı və keyfiyyətli, dəyişkən iqlim şəraitinə, quraqlıq və duzluluğa davamlı genotiplərin seçilməsi, həmçinin gələcək seleksiya proqramlarında, xüsusilə hibridləşdirmə işlərində istifadəsinin perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Sonda qonaqlar institutun laboratoriyaları ilə tanış olmuş, onlara pambıq lifinin fiziki və mexaniki xüsusiyyətlərini beynəlxalq standartlara uyğun analiz edən HVI (High Volume Instrument) avadanlığının funksional prinsipləri və iş mexanizmi barədə ətraflı məlumat verilmişdir.
Qeyd edilən avadanlıq pambıq lifinin keyfiyyət göstəricilərini - uzunluq, möhkəmlik, incəlik, rəng, tərkibindəki zibillik səviyyəsi və digər parametrləri - beynəlxalq təsnifat meyarlarına əsasən yüksək dəqiqliklə analiz etməyə imkan verir.