
16:07, 13.05.2025
Genetik Ehtiyatlar İnstitutu Kənd Təsərrüfatı Sərgisində iştirak edir
Bugün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu (GEİ) bu il Bakı Expo Mərkəzində keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinnin açılışında fəal iştirak edir. 13-16 may tarixlərində baş tutacaq sərgidə dünyanın müxtəlif ölkələrindən olan şirkətlər, fermerlər, tədqiqatçılar və investorlar bir araya gəlir. Tədbirin əsas məqsədi kənd təsərrüfatı sahəsində innovasiyaların təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yerli istehsalçıların dünya bazarına çıxış imkanlarının artırılmasıdır.
Sərgi çərçivəsində GEİ öz elmi nailiyyətlərini, dəyişən iqlimə davamlı, yüksək məhsuldarlığa malik və yerli şəraitə uyğunlaşmış yeni bitki sortlarını təqdim edir. Təqdim olunan sortlar institutun çox illik elmi-tədqiqat işlərinin nəticəsi olaraq, yerli fermerlərin ehtiyaclarına cavab verməklə kənd təsərrüfatında ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Ziyarətçilər institutun alimləri ilə birbaşa ünsiyyət quraraq elmi layihələr, əməkdaşlıq imkanları və gələcək perspektivlər barədə məlumat ala bilərlər.
Genetik Ehtiyatlar İnstitutunun sərgidə iştirakı ölkəmizin kənd təsərrüfatı sahəsində elmi və innovativ potensialını nümayiş etdirməklə yanaşı, beynəlxalq əməkdaşlıqlar üçün də geniş imkanlar yaradır.