XƏBƏRLƏR
09:59, 24.12.2024
AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Özbəkistanda keçirilən təlimdə iştirak etmişdir.
11-17 dekabr 2024-cü il tarixlərində Quraq Ərazilərdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi (ICARDA) Özbəkistanın Daşkənd şəhərində “Genetik Ehtiyatların Saxlanılması və İstifadəsi” mövzusunda keçirilən təlim kursunda İnstitutun Milli Genbankın Rüşeym plazması laboratoriyasının böyük elmi işçisi (b.e.i) Vüsalə Əhmədova da iştirak etmişdir. Özbəkistanın Milli Bitki Genetik Ehtiyatları İnstitutu da daxil olmaqla Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərq üzrə 11 ölkədən 30 - dan çox iştirakçı təlimə qatılmışdır.
İCARDA-nın Genetik Ehtiyatlar üzrə Tədqiqat Qrupunun rəhbəri Dr. Zəkəriyya Kehel tədbirə ev sahibliyi etdiyi üçün Özbəkistan hökümətinə öz minnətdarlığını bildirmişdir. O, qeyd etmişdir ki, İCARDA Suriya böhranından sonra Mərakeşdə öz Genbankının yaradılmasına diqqət yetirmiş və altı illik fasilədən sonra regionun qlobal ərzaq təhlükəsizliyində mühüm rol oynadığından hazırda Mərkəzi Asiya və Cənubi Qafqazda səylərini gücləndirməkdədir.
B.e.i. Vüsalə Əhmədova təlimin son günündə Azərbaycan Milli Genbankının fəaliyyətinə dair təqdimatla məruzə etmişdir. Təlim kursunun sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.