15:37, 23.12.2024
AR ETN Genetik Ehtiyatlar İnstitutu "Elm və ali təhsilin beynəlmiləlləşməsi" sahəsində fəaliyyətləri ilə fərqləndiyinə görə təltif edilib.
AR ETN Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA - nın müxbir üzvü Zeynal Əkpərov 11 dekabr 2024-cü il tarixdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən keçirilmiş "Elm və ali təhsilin beynəlmiləlləşməsi" mövzusunda tədbirdə iştirak etmişdir.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, müvafiq dövlət qurumlarının, elm və ali təhsil müəssisələrinin rəhbər və nümayəndələri, eləcə də xarici tələbələrin təhsilinin təşkili üzrə məsul əməkdaşları və beynəlxalq tələbələr iştirak edib.
Açılış nitqi ilə çıxış edən Ülkər Səttarova elm və ali təhsilin beynəlmiləlləşməsi baxımından tədbirin məqsədini və önəmini vurğulayıb.
Emin Əmrullayev universitetlərimizin beynəlxalq reytinqinin yüksəldilməsi, universitetlərdə tədqiqat prosesinin stimullaşdırılması, ölkədə elmin inkişafı istiqamətində fəaliyyətin təşkili və digər məsələlərə toxunub. Daha sonra Yalçın Rəfiyev beynəlxalq tələbələrin ölkəmizdə təhsilinin ölkələrarası ictimai diplomatiya aləti kimi önəmini vurğulayıb və “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın bu prosesə verdiyi töhfəni qeyd edib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov elm və ali təhsilin beynəlmiləlləşməsi sahəsində görülən işlərə dair statistik hesabatla çıxış edib.
Tədbirin rəsmi hissəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil almaq hüququ qazanmış xarici tələbələrə təqaüd sertifikatlarının təqdim olunması ilə başa çatıb.
Tədbir "Elmi universitetə necə gətirməli?" və "Ali təhsilin beynəlmiləlləşməsi" mövzuları üzrə panel sessiyalarla davam edib. Sonda beynəlxalq tələbələrlə iş üzrə fərqlənən bir neçə elm və ali təhsil müəssisəsi, eləcə də akademik göstəriciləri, ictimai fəallığı və elmi məqalələrin dərci (doktorantura) sahəsində fərqlənən xarici tələbələr təltif edilib.
Genetik Ehtiyatlar İnstitutu da elmin beynəlmiləlləşməsinə verdiyi töhfəsinə görə təltif olunmuşdur.