XƏBƏRLƏR
12:40, 27.05.2024
Xəzər Universitetinin tələbələri Genetik Ehtiyatlar İnstitutunda istehsalat təcrübəsi keçib

Xəzər Universitetinin Həyat elmləri departamentinin “Biologiya müəllimliyi” ixtisası üzrə təhsil alan II kurs tələbələri departamentin müdiri Cəmalə Eldarovanın rəhbərliyi ilə 2024-cü il 17-24 may tarixlərində AR ETN Genetik Ehtiyatlar İnstitutunda (GEİ) istehsalat təcrübəsi (İT) keçib. Tələbələr GEİ-nin “Ekobotanika və Sistematika” və “Molekulyar Sitogenetika” şöbələrində elmi tədqiqatların aparılması və nəticələrinin istehsalatda tətbiq olunması haqqında məlumatlar əldə edib, müvafiq cihaz və avadanlıqlarla tanış olublar. Tələbələr institutun Herbari Fondunda olmuş, Ekobotanika və Sistematika şöbəsinin elmi işçisi Kəmalə Əsədovadan Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilən ekspedisiyalar zamanı mədəni bitkilərin yabanı əcdadlarının toplanılması barədə ətraflı məlumat əldə etmişlər. “Molekulyar Sitogenetika” şöbəsində isə şöbənin kiçik elmi işçisi Rəhim Rəhimov tələbələri sitogenetik analiz metodları və xromosom preparatlarının hazırlanma qaydaları ilə tanış etmişdir. Sonda, Həyat Elmləri departamentin müdiri Cəmalə Eldarova AR ETN Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, prof. Zeynal Əkpərova yaradılmış şərait üçün universitet rəhbərliyi adından öz minnətdarlığını bildirmişdir.

 

 

FOTO>>>