AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Saray Dayaq Məntəqəsində Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunmuş “Bitkilərin xəstəlik və zərərvericilərlə yoluxma səviyyəsinin qiymətləndirilməsi və inteqrir mübarizə tədbirləri sisteminin hazırlanması üsulları” mövzusu üzrə tarla seminarı keçirilmişdir. Seminarda İmmunogenetika, Dənli, taxıl və paxlalı bitkilər şöbələrinin əməkdaşları iştirak etmişdir. Mədəni bitki genetik ehtiyatlarının taxıl və paxlalı bitkilərə aid olan kolleksiya nümunələrinin və hibridlərinin tarla şəraitində fitosanitar vəziyyəti qiymətləndirilmişdir. Buğda, arpa, mərci, noxud və başqa tarla bitkilərinin sort və hibridlərinin müxtəlif xəstəlik və zərərvericilərlə yoluxma səviyyəsinin qiymətləndirilməsi müvafiq şöbələrin əməkdaşları ilə birgə aparılmışdır. Laboratoriya şəraitində patogenlərin təyin edilməsi və fitopatoloji tədqiqatlara cəlb edilməsi məqsədi ilə xəstə bitki nümunələri icraçılar tərəfindən toplanılaraq instituta gətirilmişdir.