XƏBƏRLƏR
20:28, 27.10.2023
Genetik Ehtiyatlar İnstitutu əməkdaşının müdafiəsi keçirilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Ekobotanika və sistematika şöbəsinin elmi işçisi Əsədova Kəmalə Valeh qızının təqdim etdiyi dissertasiya işinin AR ETN Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən ED1.26 Dissertasiya Şurasının iclasında müdafiəsi keçirilmişdir.
​İddiaçı biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “Azərbaycanda yayılan Lərgə cinsi (Vicia L.) növlərinin bioekoloji xüsusiyyətləri və səmərəli istifadəsi” mövzusu ilə çıxış etmişdir.
K.Əsədova bildirmişdir ki, aparılan tədqiqatlar nəticəsində ilk dəfə olaraq, Azərbaycanda yayılan Lərgə cinsi (Vicia L.) növlərinin taksonomik spektri dəqiqləşdirilmiş və 2 yarımcins, 14 seksiyaya aid 52 takson, o cümlədən 36 yabanı və 1 mədəni növ, 7 yarımnövün konspekti işlənib hazırlanmışdır. Nadir və nəsli kəsilməkdə olan növlərin ekoloji qiymətləndirilməsi aparılmış, onların mühafizəsinə dair təkliflər hazırlanmışdır.
Həmçinin qeyd etmişdir ki, mühüm təsərrüfat əhəmiyyətinə görə seçilmiş lərgə toxumlarında biokimyəvi göstəricilər öyrənilmiş, təcrübə sahəsində əkilmiş bitkilər üzərində fenoloji müşahidə aparılmış, nümunələr kəmiyyət və keyfiyyət əlamətlərinə görə qiymətləndirilmişdir.
Gizli səsvermənin nəticələrinə əsasən, Kəmalə Əsədovanın biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir.
 
 
 

FOTO>>>

 

© www.genres.az