XƏBƏRLƏR
15:13, 27.10.2023
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda Molekulyar Genetika və Genomika şöbəsinin İnsan genetikası laboratoriyasının müdiri Bayramov Bayram İlham oğlunun təqdim etdiyi dissertasiya işinin birləşmiş şöbələrin seminarında ilkin müzakirəsi keçirilmişdir.

İddiaçı tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “Yoğun bağırsağın bədxassəli şişlərində xərçəng hüceyrələrinin genetik və epigenetik tədqiqi " mövzusu ilə çıxış etmişdir.

B.Bayramov bildirmişdir ki, qeyri-invaziv (maye biopsiyası) üsulla qanda dövr edən xərçəngə aid DNT fraksiyalarının analizi qısa müddət ərzində bədxassəli şişin genomu haqqında informasiya təqdim edir. Xüsusilə Ras və Raf gen ailəsindəki mutasiyaların təyini, anti-EGFR terapiyasına verilən optimal cavabın proqnozlaşdırılması, fərdi müalicə üsullarının təkmilləşdirilməsi və dərman rezistentliyinin genetik mexanizmlərinin öyrənilməsini asanlaşdıracaqdır. Bundan əlavə tədqiqat işində ilk dəfə olaraq DNT promotor metilləşməsi də tədqiq edilmişdir.

Genlərin promotor bölgələrinin metilləşməsinin öyrənilməsi xərçəng xəstəliklərinin erkən etapda təyini, proqnozlaşdırma, xəstəliyin gedişatının monitorinqi və doğru müalicə strategiyasının işlənib hazırlanması yönündə imkanlar təqdim edir.

Seminar üzvlərinin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır. Tədqiqat işi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmiş və növbəti mərhələdə müzakirə olunması məqsədəuyğun hesab olunmuşdur.

 

 

FOTO>>>

 

© www.genres.az