Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Özbəkistan Respublikasının Kənd Təsərrüfatı naziri Aziz Voitovun dəvəti ilə Səmərqənddə keçirilən Beynəlxalq Konfransda iştirak etmişdir.
Özbəkistan hökümətinin təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə Ərzaq Təhlükəsizliyi üzrə baş tutan tədbir 15 ölkənin kənd təsərrüfatı nazirləri, 8 ölkənin nazir müavinləri, 13 ölkədən yüksək səviyyəli diplomatlar, 30-dan çox beynəlxalq və elmi təşkilatların, eləcə də maliyyə institutlarının nümayəndələrinin iştirakı ilə keçirilmişdir.
Konfransın təşkili BMT-nin baş katibi Antonio Quterreşin bugünkü bolluq dünyasında insanların aclıqdan tələf olmasını dayandırmaq və hər kəsi sağlam qida ilə təmin etmək üçün qida sistemlərini təkmilləşdirmək - qida istehsalını yenidən nəzərdən keçirmək təşəbbüsündən irəli gəlmişdir.
Beynəlxalq konfransı Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov açaraq Prezident Şavkat Mirziyoyevin müraciətini tədbir iştirakçılarına çatdırmışdır.
O, bildirmişdir ki, Ərzaq təhlükəsizliyi, onun davamlı təminatı, aclıq və yoxsulluqla mübarizə məsələləri bu gün də son dərəcə aktual olaraq qalır. Son onilliklərdə “yaşıl inqilab” və innovativ texnologiyaların geniş tətbiqi sayəsində kənd təsərrüfatı istehsalının həcmi kəskin artmış, planetin durmadan artan əhalisinin ərzaq məhsulları ilə təminatında mühüm irəliləyişlər əldə edilmişdir.
Konfrans zamanı 32 ölkədən 2330-dan çox mütəxəssis və ekspert tərəfindən qida təhlükəsizliyinin mövcud vəziyyəti ilə bağlı geniş spektrli məsələlər müzakirə edilərək “Sıfır aclığa” nail olmaq üçün tədbirlərin həyata keçirilməsinin gedişatı hərtərəfli təhlil olunmuşdur.
Həmçinin Konfrans çərçivəsində 26 ölkədən 150-dən çox xarici alim və Özbəkistandan 200 alimin iştirakı ilə dəyirmi masalar və görüşlər keçirilmişdir. İştirakçılar yeni dövr üçün tədqiqat prioritetlərin müəyyənləşdirilməsinin, birgə tədqiqat layihələrinin həyata keçirilməsi imkanlarını da müzakirə etmişlər.
Konfrans iştirakçıları tərəfindən tədbirin sonunda Qlobal Ərzaq Təhlükəsizliyi üzrə Səmərqənd Bəyannaməsi qəbul edilmişdir.
Z.Əkpərov Konfransın gedişində, panel iclaslarda aparılan müzakirələrdə iştirak edərək sözügedən problemlərə münasibətini bildirmiş, Azərbaycan həqiqətləri, ölkənin dinamik inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən uğurlu işlər, Azərbaycanda bitki genetik ehtiyatları ilə bağlı elmi və elmi-texniki fəaliyyətlər, müvafiq ölkə qanunvericiliyi və digər məsələlərlə bağlı məlumatlar vermişdir.
Görüşlərdə müvafiq sahələr üzrə müxtəlif, xüsusən də region ölkələrinin elmi qurumları arasında gələcək əməkdaşlıq əlaqələri, perspektiv planlar və elmi layihələr də müzakirə mövzusu olmuşdur.
© www.genres.az