XƏBƏRLƏR
10:51, 07.09.2023
Genetik Ehtiyatlar İnstitutu elm və təhsil sahəsində ADA Universiteti ilə əməkdaşlıq edəcək
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Fakultəsinin dekanı Dr. Matteo Vittuari, universitetin nəzdində yaradılmış İtaliya-Azərbaycan Universitetinin koordinatoru Aynurə Hüseynova və fakultənin əməkdaşları b.ü.f.d. Səidə Əliyeva, a.ü.f.d. Sahil Quliyev və a.ü.f.d. Asəf Ömərovla görüş keçirilmişdir.
Görüş zamanı A.Hüseynova İtaliyanın Bolonya Universiteti ilə birlikdə ADA Universitetində yaradılan yeni fakultə haqda geniş məlumat vermişdir.
Sonra Dr. Vittuari kənd təsərrüfatı və qida sahəsi üzrə planlaşdırılan təhsil və tədqiqatla bağlı geniş planların olduğunu və bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən elmi tədqiqat institutları və özəl şirkətlərlə qurulmuş əlaqələrin əhəmiyyətini vurğulamışdır. O, bu baxımdan ADA Universiteti ilə GEİ arasında elmi əməkdaşlığın qurulmasının vacibliyini nəzərə çatdırmışdır.
Daha sonra GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov institutda aparılan elmi tədqiqat işləri, mövcud beynəlxalq əlaqələr və əldə edilən nailiyyətlər, eləcə də institutda aparılan kadr hazırlığı barədə qonaqları məlumatlandırmışdır. O, bildirmişdir ki, hər il GEİ əməkdaşlarının onlarla məqaləsi dünyanın nüfuzlu elmi jurnallarında dərc edilir və institutun çox sayda alimlərinin elmi əsərlərinə yüzlərlə istinadlar edilir. Z.Əkpərov GEİ-nin ADA Universiteti və Bolonya Universiteti ilə birgə elmi tədqiqat işlərinin aparılması üçün geniş imkanları olduğunu qeyd etmişdir.
Sonda qonaqlar GEİ-nin bir sıra elmi tədqiqat laboratoriyalarına baxış keçirmiş və tədqiqatçılarla müzakirələr aparmışlar.
 
 
 

FOTO>>>

 

© www.genres.az