XƏBƏRLƏR
16:14, 18.08.2023
Ekobotanika və sistematika şöbəsinin əməkdaşları tərəfindən Çilov adasına edilən ekspedisiyanın hesabatı.
27 may 2023-cü il tarixində AR ETN Genetik Ehtiyatlar Institutunun Ekobotanika və sistematika şöbəsinin əməkdaşları K. Əsədova, G. Quliyeva, G. Allahverdiyeva və X. Əzizxanlı tərəfindən 70-ci illərdən sonra ilk dəfə olaraq Pirallahı rayonu, Çilov adasına ekspedisiya təşkil edilmişdir. Məqsəd Çilov adasında yayılan mədəni bitkilərin yabanı əcdadlarına dair bitkilərin toxum və herbari materiallarının toplanılması olmuşdur.
Toplanılan materiallar arasında qiymətli yem, dərman və ərzaq əhəmiyyətli bitkilər xüsusi yer tutur.
Tədqiqat zamanı 8 fəsilə, 14 cins (Vələmir, Lərgə, Qarayonca, Xəşənbül, Biyan, Qılınclıot, Anizanta, Keçiayağı, Qışotu , Yovşan, Yemlik, İydə, Qumluca, Bağayarpağı t) üzrə 22 növün herbarisi və bir neçə növün toxum nümunələri toplanılmışdır. Toplanılan bitkilərə dair deskriptor məlumatları və üçölçülü məkan göstəriciləri qeyd edilmişdir.
Çilov adası üçün xarakterik olan Vələmir cinsinə aid 7 növün (Avena eriantha Durieu, A. hirtula Lag., A. bruhnsiana Grun., A.wiestii Steud., A. barbata Pott ex Link, A. trichophylla C. Koch, A. ludoviciana Durieu) herbarisi və bir neçə növün toxumu toplanılmışdır.
Qeyd etmək lazımdır ki, toplanılan vələmir növlərindən A. bruhnsiana Grun. Pirallahı rayonundan təsvir olunub. Abşeron endemidir. Bu növ 16.V.1969-cu ildə S. Musayev tərəfindən Pirallahı rayonundan (Artyom adası) toplanılsa da, ekspedisiya zamanı biz Çilov adasından toplamışıq.
Əcdad bitkilərindən olan paxlalılar fəsiləsinin qiymətli yem bitkisi sayılan sarımtıl lərgə (Vicia lutea L.) növünün Çilov adasında yayılması barədə herbari fondu və ədəbiyyatda heç bir məlumat yoxdur. İlk dəfə olaraq, ekspedisiya zamanı bu növün toxum və herbarisi tərəfimizdən toplanılmışdır. Çilov adası V. lutea üçün yeni yayılma sahəsi hesab edilir.
 
 
 

FOTO>>>

 

© www.genres.az