12:15, 14.08.2023
Genetik Ehtiyatlar İnstitutunun Qarabağ və Şəki Elmi Tədqiqat Bazalarının əməkdaşları Aqrar İnnovasiya Festivalında iştirak etmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun (GEİ) əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Şəki rayonunda keçirilən Aqrar İnnovasiya Festivalında iştirak etmişlər.
Keçirilən bu festivalda əlaqələrin genişləndirilməsi, aqrar innovasiyaların təbliği məqsədilə institutun Qarabağ ETB və Şəki ETB-da yaradılmış yeni yerli yüksək məhsuldar buğda sortlarının və meyvə bitkilərinin daha intensiv sortlarının tingləri fermerlərə və iş adamlarına nümayiş etdirilmişdir.
Festivalda iştirak edən bir çox yerli və xarici şirkət, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər, həmçinin müxtəlif layihə rəhbərləri Şəki ETB və Qarabağ ETB-da istehsal edilmiş yeni yumşaq və bərk buğda sortlarına və nümayiş etdirilən meyvə bitkilərinin tinglərinə maraq göstərmişlər.
İnstitutun işğaldan azad edilmiş bölgədə yerləşən Qarabağ ETB-da son illərdə yeni buğda sortlarının ilkin toxumçuluğu və Şəki ETB-da bölgəyə uyğun yaradılmış meyvə bitkilərinin tingliyinin təşkili barədə festival iştirakçılarına geniş məlumat verilmişdir.
Festivalda iştirak edən Şəki rayonundan fermer Hikmət Hacısalmanlının öz əkin sahəsində institutun yeni buğda sortlarının sərgi- nümayiş əkinlərinin təşkil olunması təklifi müsbət qarşılanmış, bir neçə torpaq mülkiyyətçiləri ilə buğda sortlarının istehsal olunmuş yüksək keyfiyyətli toxumlarının və sertifikatlanmış tinglərinin satışı barədə razılığa gəlinmişdir.
İnstitutun elmi tədqiqat bazalarının müntəzəm olaraq innovasiya festivallarında təmsil olunması onun nailiyyətlərinin daha geniş tətbiq olunmasına imkan yaradacaqdır.