Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Botanika İnstitutu və Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (İSPR) birgə təşkilatçılığı ilə dünyaşöhrətli Azərbaycan alimi, görkəmli ictimai xadim, akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Davamlılıq üçün fotosintez tədqiqatları – 2013: akademik Cəlal Əliyev” mövzusunda beynəlxalq konfrans öz işinə başladı.
Azərbaycanın görkəmli alimləri, respublikanın tanınmış ictimai-siyasi və dövlət xadimləri və KİV nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AR Rabitə və İnformasiya Texnologiyaları naziri, akademik Əli Abbasov Azərbaycan biologiya elminin inkişafında böyük elm fədaisinin müstəsna xidmətlərindən söz açdı, elmin bu sahəsində yeni istiqamətlərin yaranmasının məhz onun adı ilə bağlı olduğunu vurğuladı. Ə.Abbasov bildirdi ki, azərbaycanlı alimə həsr olunan bu cür irimiqyaslı beynəlxalq elmi tədbirin Bakıda ilk dəfə keçirilməsi akademik Cəlal Əliyevin şəxsiyyətinə olan böyük hörmət, fotosintezin tədqiqi sahəsində onun və yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər, qazanılan uğurların dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsi ilə bağlıdır.
Fotosintezlə bağlı 240 ildən çoxdur tədqiqatların həyata keçirildiyini söyləyən Ə.Abbasov onun fundamental problemlərinin hələ də mövcud olduğunu, konfransın keçirilməsinin bu problemlərin həllinə yönəldiyini bildirdi. O qeyd etdi ki, konfransda fotosintez prosesinin bütün istiqamətləri, o cümlədən, hidrogenin alınması və süni fotosintez problemləri ətrafında geniş müzakirələr aparılacaqdır.
Nazir çıxışında akademikin 50 ildən çox elmi fəaliyyəti dövründə nəinki Azərbaycan elminin inkişafına, eləcə də keçmiş SSRİ və bir çox dünya ölkələrinin elminə əvəzsiz töhfələr verdiyini diqqətə çatdırdı, onun fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunduğunu qeyd etdi. Ölkədə bio-informatika kimi elmin yaranmasında C.Əliyevin böyük rolu olduğunu xüsusi vurğuladı.
Ə.Abbasov bildirdi ki, ərzaq, enerji təhlükəsizliyi kimi böyük problemlərin həllində Azərbaycan elmi öz töhfələrini verməkdədir. Azərbaycanda bir çox beynəlxalq tədbirlərin keçirilməsi bir tərəfdən Azərbaycanın son illər qazandığı uğurlar, beynəlxalq və regional problemlərin həllində verdiyi töhfələr, digər tərəfdən isə ölkədə biliklərə əsaslanan yeni bir dövrün başlanması ilə əlaqədardır. Konfrans Azərbaycan elminin təbliğində və onun dünya elminə inteqrasiyasında mühüm rol oynayacaq, eyni zamanda, respublikamızda elmin digər sahələrinin dinamik inkişafına güclü təkan verəcəkdir.
Çıxışının sonunda nazir AR Prezidentinin “C.Ə. Əliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında” 3 iyun 2013-cü il tarixli Sərəncamının mətnini oxuyaraq yubilyarı bu münasibətlə təbrik etdi, ordeni ona təqdim etdi.
Ölkə Prezidenti İlham Əliyevin tərəfindən göstərilən qayğı və diqqətə, verilən yüksək ada görə minnətdarlığını bildirən akademik C.Əliyev tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirdi.
Konfransda çıxış edən AMEA prezidenti akademik Akif Əlizadə, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Böyük Britaniyanın Kembric Universitetinin Molekulyar Biologiya laboratoriyasının professoru Qərib Mürşüdov, Avropa Bitki Bioloqları Cəmiyyətinin prezidenti professor Bruse Osborn, Birləşmiş Krallıqdan Nobel mükafatı laureatı Con Wolker, ABŞ-ın Pensilvaniya Universitetinin professoru Lesli Dutton, İmre Vas (Magarıstan) və başqaları görkəmli alimi 85 illik yubileyi münasibətilə təbrik edərək onun Azərbaycan elminin inkişafındakı xidmətlərindən, şərəfli ömür yolundan söhbət açdılar, nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirdilər.
Sonda AR Fövqəladə Hallar Nazirliyinin maliyyə dəstəyi, rejissor Cavanşir Nəcəflinin rəhbərliyi ilə akademik C.Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi.
Konfrans elmi seksiyalarda işini davam etdirdi.
Qeyd edək ki, iyunun 9-na qədər davam edəcək konfransda dünyanın 37 ölkəsindən 300-ə yaxın mütəxəssis iştirak edir. Konfransın materialları beynəlxalq “Biochemica et Biophysica Acta (Bioenergetics)” və “Plant Physiology and Biochemistry (PPB)” jurnallarının xüsusi buraxılışlarında çap olunacaqdır.