XƏBƏRLƏR
16:10, 11.07.2023
Genetik Ehtiyatlar İnstitutu Aqrar İnnovasiya Festivalında iştirak etmişdir.
Azərbaycan Respublikası (AR) Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun (GEİ) əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bərdə rayonunda keçirilən Aqrar İnnovasiya Festivalında iştirak etmişlər.
Kənd Təsərrüfatı Nazirliyinin bütün tabeli qurumları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki bir sıra peşə təhsil müəssisələri, 80-dən çox yerli və xarici şirkət, həmçinin müxtəlif layihə və startaplar iştirak etdiyi tədbirdə GEİ Qarabağ Elmi-Tədqiqat Bazasının da təqdimatı olmuşdur.
Festivalın açılış mərasimində çıxış edən AR kənd təsərrüfatı naziri Məcnun Məmmədov və AR elm və təhsil naziri Emin Əmrullayev regionlarda təşkil olunan bu festivalların kənd təsərrüfatı məhsulları istehsalçıları ilə elmi-tədqiqat və peşə təhsil müəssisələri arasında əməkdaşlığın daha da güclənməsinə müsbət təsir göstərəcəyini əminliklə bildirmişlər.
GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov institutun işğaldan azad edilmiş bölgədə yerləşən Qarabağ Elmi Tədqiqat Bazasında son illərdə aparılan bərpa quruculuq işləri, bu ərazilərdə yeni buğda sortlarının əkin sahələrinin, ilkin toxumçuluğun təşkili barədə məlumat vermişdir.
Müzakirələr zamanı bu tədbirlərin daha səmərəli olması ilə bağlı yaranan problemlərin aradan qaldırılması istiqamətində müvafiq qurumlara müraciətlər olunmuşdur.
 
 
 

FOTO>>>

 

© www.genres.az