XƏBƏRLƏR
15:16, 04.07.2023
Genetik Ehtiyatlar İnstitutu Qarabağ bölgəsində yeni buğda sortlarının toxum istehsalını genişləndirir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasında (QETB) cari ilin yeni buğda sortları toxumunun istehsalı həyata keçirilmişdir. Bazada rayonlaşmış “Maya”, “Almaz”, “Start” və “Cənub” yumşaq və bərk buğda sortlarının toxumçuluğu aparılmış, perspektiv “Viləş”, “Xəmsə” və “Şuşa” buğda sortlarının ilkin manqada artırılması təşkil olunmuşdır. Eləcə də müsabiqəli sort sınağında 20 yumşaq və bərk buğda, 2 arpa sortu öyrənilmişdir. Sortların müxtəlif reproduksiyalar üzrə əkinlərində rayon Dövlət Toxum Müfəttişliyi tərəfindən aprobasiyası aparılmış, uyğunluq sertifikatları ilə təmin olunması məqsədilə nümunələr götürülmüş və analiz edilmişdir. Toplanmış yüksək reproduksiyalı toxum materialı müəyyən kondisiyaya çatdırmaq məqsədilə toxum təmizləyən maşınlar vasitəsilə təmizlənmiş, kisələrə toplanaraq etiketlənmiş və satış üçün hazırlanmışdır. Rayonlaşmış və perspektiv yumşaq və bərk buğda sortlarının toxumçuluğunun genişləndirilməsi məqsədilə növbəti əkin yerlərinin planı hazırlanmışdır. Qarabağ regionu üzrə ərzaq təhlükəsizliyinin təmin olunmasında İnstitutun QETB-nin rolunun artırılması məqsədilə bölgənin fermer təsərrüfatlarında bu sortların toxumunun çoxaldılması üçün təkliflər müzakirə edilmişdir.

 

 

FOTO>>>

 

© www.genres.az