XƏBƏRLƏR
16:29, 21.06.2023
Genetik Ehtiyatlar İnstitutunda magistrantların dissertasiya işlərinin müdafiəsi uğurla başa çatmışdır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) II kurs magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilmişdir.
2021-2023-cü tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş “İnsan genetikası” ixtisası üzrə 3, “Genetika” ixtisası üzrə 3 və “Bitkilərin seleksiyası” ixtisası üzrə 2 magistrant dissertasiya işlərini təqdim etmişlər.
Magistrantlar öz növbəsində dissertasiya işlərinə dair təqdimatla çıxış edərək aparılan tədqiqatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat vermiş, suallar cavablandırılmış, rəsmi rəyçi və elmi rəhbərlərin rəyləri oxunmuş və mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirilmişdir.
Dissertasiya şurasının sədri, biologiya elmləri doktoru, professor Ramiz Əliyev GEİ-də magistrant hazırlığının yüksək səviyyədə təşkil edildiyini və bu sahədə İnstitutun rəhbərliyinin və Təhsil şöbəsinin fəaliyyətini yüksək qiymətləndirmişdir. O bildirmişdir ki, 2015-ci ildən başlayaraq GEİ-də dünyanın tanınmış universitetlərinin proqramları əsasında magistrant hazırlığı yüksək səviyyədə həyata keçirilir və hal-hazırda məzunların əksəriyyəti müxtəlif dövlət qurumlarında çalışır, bəziləri isə dünyanın tanınmış universitetlərində təhsillərini davam etdirirlər.
Sonda R.Əliyev magistrantların tədris planlarında nəzərdə tutulan nəzəri və təcrübi hazırlığı tam yerinə yetirdiklərini və elmi-tədqiqat işini uğurla başa çatdırdıqlarını qeyd etmişdir.
 
 

FOTO>>>

 

© www.genres.az