XƏBƏRLƏR
16:10, 24.02.2023
ETN-nin Genetik Ehtiyatlar İnstitutunun 20 illik yubileyi təntənəli olaraq qeyd olundu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) yaradılmasının 20 illik yubileyi ilə bağlı 2023-cü il 23 fevral tarixində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov GEİ-nin yaranma tarixi, elmi istiqamətləri və əldə edilən nailiyyətləri haqda geniş məruzə ilə çıxış edib. O bildirib ki, GEİ ölkədə milli genofondun etibarlı mühafizəsini təşkil etmək və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə 1958-ci ildən fəaliyyət göstərən AMEA-nın Genetika və Seleksiya İnstitutunun bazasında AR Nazirlər Kabinetinin qərarı ilə 2003-cü ildə yaradılıb. Keçən dövr ərzində milli bitki genetik ehtiyatlarının toplanması, mühafizəsi və səmərəli istifadəsi sahəsində olduqca ciddi addımlar atılmış, GEİ-nin tərkibində Milli Genbank və əlaqədar struktur bölmələr yaradılıb. İnstitut əməkdaşlarının məhsuldar fəaliyyətinin nəticəsi olaraq mühüm kənd təsərrüfatı bitkilərini əhatə edən 10 mindən çox bitki nümunəsi toplanmış, Milli genbankda beynəlxalq standartlara uyğun olaraq mühafizəsi təşkil edilmiş, eləcə də onlardan istifadə edilməklə çox sayda bitki sortu yaradılaraq rayonlaşdırılmışdır. Z.Əkpərov fundamental tədqiqat işlərinin aparılması üçün GEİ-də yaradılan şərait barədə də məlumat verib və son 20 ildə GEİ-nin sort və cinslərin yaradılmağına görə ümumilikdə 40 patent aldığını, beynəlxalq 50 konfransda və 60 seminarda iştirak etdiyini, eləcə də institut əməkdaşlarının 3000-dək elmi əsərinin dərc olunduğunu və beynəlxalq elmi məqalələrə xarici alimlər tərəfindən minlərlə istinadın olduğunu, 30 kitab və 22 monoqrafiyanın dərc edildiyini bildirib. Bunlarla yanaşı, GEİ-nin iştirakı ilə hazırlanmış “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 2011-ci ildə qəbul olunmuş və qanuna görə genetik ehtiyatlar sahəsində GEİ əsas əlaqələndirici İnstitut müəyyən edilmişdir. Z.Əkpərov qeyd etmişdir ki, son illər ərzində bitki genetik ehtiyatları üzrə Dövlət Proqramı da hazırlanmış və tezliklə bu proqram müvafiq dövlət qurumlarına təqdim ediləcəkdir. GEİ-nin icraçı direktoru, biologiya elmləri doktoru Mehrac Abbasov “Genetik Ehtiyatlar İnstitutunun elmi kadr potensialı, maddi-texniki imkanları və gələcək strateji hədəfləri ” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, son 20 il ərzində GEİ-də 7 nəfər elmlər doktoru, 35 nəfər fəlsəfə doktoru, 25 nəfər magistrant hazırlanmış, hal-hazırda institutda 149 elmi işçi, o cümlədən 2 nəfər AMEA-nın müxbir üzvü, 8 elmlər doktoru, 64 fəlsəfə doktoru fəaliyyət göstərir. Ötən 20 ildə 100-dən artıq gənc mütəxəssis işə götürülüb və onlardan da 30 nəfəri dünyanın tanınmış proqramları çərçivəsində xaricdə doktorantura və post-doktorantura səviyyəsində tədqiqat işi aparıb və ən müasir metodları mənimsəyərək ölkəyə gətirib. GEİ-nin maddi texniki bazasının 2023-2030-cu illər üçün hazırlanan strateji inkişaf konsepsiyasında nəzərdə tutulan hədəflərlə də tədbir iştirakçıları məlumatlandırılıb. Daha sonra müvafiq struktur bölmələrin rəhbərləri fəaliyyət sahələrinə uyğun olaraq təqdimatlarla çıxış edərək mühüm nəticələr, perspektiv planlar haqqında məlumat verib və tədqiqatların daha səmərəli, operativ həyata keçirilməsi üçün problemlərin aradan qaldırılması ilə bağlı təkliflərini də bildiriblər.Tədbirin sonunda institutun 4 əməkdaşı yubileyləri münasibətilə GEİ-nin Fəxri fərmanları ilə təltif olunub.

 

 

FOTO>>>

 

© www.genres.az